Fərdi sahibkarın xidmət müqaviləsi üzrə öhdəlikləri necə müəyyən edilir?

Sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə mütəxəssisi Aysel İsmayılova sahibkarların xidmət müqavilələri üzrə öhdəliklərini şərh edir.

Müəssisə və fərdi sahibkarın fəaliyyət sahəsinə uyğun mütəxəssisi olmadığı halda və ya hər hansı bir işin görülməsi müəssisə üçün çətin olduqda, kənar fiziki şəxslər ilə mülki-hüquqi müqavilə bağlaya bilər. Müəssisə və fərdi sahibkar xidmət müqaviləsini vergi orqanlarında uçotda olan və uçotda olmayan 18 yaşına çatmış fiziki şəxslə imzalaya bilər. Xidmət müqaviləsinə əsasən, müəssisəyə sifarişçi, vətəndaşa isə icraçı deyilir.

Xidmət müqaviləsi bağlanarkən hər iki tərəfin, yəni həm sifarişçinin, həm də icraçının görüləcək işlə bağlı bütün hüquq və öhdəliklərini əks etdirməsi və tərəflərin razılığı əsas meyardır. Bu müqavilənin şərtlərinə görə, xidmətlər daimi və ya birdəfəlik formada göstərilə bilər. Müqavilənin şərtlərinə görə, icraçı müqavilədə qeyd edilən xidmətləri sifarişçiyə göstərməlidir. Sifarişçi isə icraçıya göstərilən xidmətlərin haqqını ödəməlidir.

Misal 1

İcraçı fərdi sahibkar kimi qeydiyyatdan keçibsə, gəlir vergisi və sosial sığorta ödənişləri icraçı tərəfindən hesablanır və ödənilir. Tutaq ki, Bakı şəhərində vergi orqanında uçotda olan fiziki şəxs “BB” MMC-yə mühasibat xidməti göstərib və bunun müqabilində 500 manat ödəniş əldə edib. Bunu həmin dövrə aid hesabatda qeyd edib vergisini büdcəyə ödəyir. Aylıq xidmət haqqı ödənişi 500 manat olmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta minimum əməkhaqqına tətbiq edilir. Hazırda Azərbaycan Respublikasında minimum əməkhaqqı məbləği 345 manatdır.

Banner

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında hesablanır. Bakı şəhərində həmin məbləğin 100 faizi tutulur:

345 x 25% = 86.25 manat (Məcburi dövlət sosial sığorta haqqı)

“Tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, mediatorlar) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir:

345 x 4%=13.80 manat (İcbari tibbi sığorta)

Vergi ödəyicisi mikro sahibkarlıq subyekti olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 75 faiz güzəşt tətbiq olunur:

(500-86.25-13.80) x 20% = 79.99 manat:

79.99 : 4 = 19.99 manat

Misal 2

Tutaq ki, icraçı fərdi sahibkar kimi qeydiyyatdan keçməyib. Bu zaman onun xidmət göstərdiyi müəssisə ödənilən məbləği ödəmə mənbəyində vergiyə cəlb edir. Eyni zamanda, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqlarını hesablayıb dövlət büdcəsinə ödəməlidir.

500 x 14%=70 manat (Ödəmə mənbəyində tutulan vergi)

“Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla – gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır:

500 x 25% = 125 manat

“Tibbi sığorta haqqında” Qanunun 15-2.2.3-cü maddəsinə əsasən, mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edirlər. Qanunun 15-10.1.4-cü maddəsində isə göstərilib ki, bu Qanunun 15-2.2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyirlər:

500 x 2%= 10 manat

Mənbə: vergiler.az

Əməkhaqqından tutulmaların aparılması qaydası