İşçi əsas iş yeri ilə yanaşı, iş vaxtı normasını pozmamaq şərtilə bir və ya bir neçə iş yerində çalışa bilər. Bu halda əvəzçilik üzrə əmək müqaviləsi bağlanmalıdır. İşçinin əvəzçilik üzrə başqa iş yerlərində çalışması üçün əmək müqaviləsinin şərtləri buna imkan verməlidir. Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir:
Əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin 58-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
Əvəzçilik qaydasında əlavə iş yeri üzrə əmək müqaviləsinin bağlanması zamanı aşağıdakı məqamlara diqqət etmək lazımdır:
- Əvəzçilik qaydasında əlavə iş yeri üzrə əmək müqaviləsinin bağlanması üçün ilk öncə işçinin əsas iş yeri olmalıdır.
- Əvəzçilik qaydasında əmək müqaviləsi bağlandığı zaman əmək kitabçası işçinin əsas iş yerində saxlanılır və əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.
- Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın (həftəlik 40 saat) yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Deməli, işçi əvəzçilik üzrə əmək müqaviləsi ilə həftəlik maksimum 20 saat çalışa bilər.
- İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.
- Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə aşağıdakı iki bənd istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar (məzuniyyət, əmək qabiliyyətinin itirilməsinə dair müavinət, iş vaxtından artıq iş saatı, əvəzetmə v.s) qaydalar və müddəalar şamil edilir:
– Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insan sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.
– Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda (16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saat) yol verilir.
- Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə göstərildiyi kimi, əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.
- İşçinin bir əsas və əlavə iş vaxtına dair iş vaxtı ilə bağlı tələb nəzərə alınmaqla bir neçə əlavə iş yeri ola bilər. Qanunla buna hər hansı məhdudiyyət qoyulmur, vacib olan iş vaxtına dair hədlərin gözlənilməsidir.
Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yeri ilə bağlı əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.
Misal 1
16 yaşlı işçi əsas iş yeri üzrə əmək müqaviləsi ilə həftəlik 24 saat işləyir. Məcəllənin qoyduğu tələbə görə, işçinin ümumi iş vaxtının müddəti həftəlik 36 saatdan artıq ola bilməz. Bu halda, işçinin əvəzçilik qaydasında iş vaxtı həftəlik 12 saatdan artıq müəyyən edilə bilməz. Bu yaş kateqoriyasında olan işçilər üçün Əmək Məcəlləsinin müəyyən etdiyi əsas və əlavə iş yerləri üzrə iş vaxtının cəmi ümumilikdə həftəlik 36 saatdan artıq olmamalıdır. O, əsas iş yeri üzrə həftəlik 24 saat çalışdığı və ümumi (əsas və əlavə iş yerləri üzrə) iş saatlarının cəmi həftəlik maksimum 36 saat ola bildiyi üçün əlavə iş yeri üzrə həftəlik maksimum 12 saat çalışa bilər.
Yuxarıdakı nümunədəki işçi əsas iş yeri üzrə həftəlik 30 saat çalışırsa, bu halda o, əlavə iş yeri üzrə həftəlik maksimum 6 saat çalışa bilər. Yəni bu kateqoriya işçilər üçün əsas və əlavə iş yerləri üzrə ümumi iş vaxtının müddəti, yaşa müvafiq olaraq, 24 və 36 saatdan artıq olmamalıdır. Əgər işçinin 15 yaşı varsa və əsas iş yeri üzrə həftəlik 15 saat çalışırsa, bu halda o, əlavə iş yeri üzrə həftəlik maksimum 9 saat çalışa bilər. Çünki 16 yaşadək işçilər üçün iş vaxtının müddəti həftə ərzində 24 saatdan artıq olmamalıdır. O, nəzərdə tutulmuş 24 saatın 15 saatını əsas iş yerində çalışdığı üçün əvəzçilik üzrə həftəlik maksimum 9 saat çalışa bilər.
Misal 2
İşçi tam iş vaxtı ilə əsas iş yerində 09:00-dan 18:00-dək çalışır. Bu halda o, 19:00-dan 21:00-dək əvəzçilik üzrə əlavə iş yerində çalışmaq üçün işəgötürəndən razılıq almalıdırmı?
Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. Lakin işəgötürən əmək müqaviləsində işçinin iş vaxtından kənar vaxtda işəgötürənlə rəqabətdə olan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilməməsi barədə şərt irəli sürə bilər.
Misal 3
İşçi tam iş vaxtı ilə əsas iş yerində 09:00-dan 18:00-dək çalışır. Bu halda o, əsas iş vaxtı ərzində, öz işi ilə yanaşı, həftədə 3 gün 11:00-dan 13:00-a kimi işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilməsi üçün ərizə ilə işəgötürənə müraciət edə bilər. İşəgötürən buna razılıq verdikdən sonra işçi əsas iş vaxtı ərzində əlavə iş yeri üzrə əvəzçiliklə çalışa bilər. Bu halda işəgötürən tərəfindən əmək müqaviləsinə əlavə və ya dəyişiklik edilməklə bu hal rəsmiləşdirilə bilər.
Mənbə: vergiler.az