Sual: Müəssisə ƏDV və mənfəət vergisi ödəyicisidir, ticarət sahəsi üzrə fəaliyyət göstərir. Fəaliyyəti zamanı bəzi debitorlarla hesablaşmalar zamanı güzəşt tətbiq edir. Mühasibat uçotunda haqqında qanunvericiliyə əsasən verilmiş güzəştlər tətbiq edir və nəticədə müştərinin son qalıq borcundan müştəri borcuna azalma edir.
Amma bu azalma zamanı tətbiq edilən azalma məbləği müştəriyə verilən tək sonuncu e-qaiməyə (VHF) görə deyil, əvvəllər satışı olmuş və müştəri tərəfindən borcu ödənilmiş e-qaimələrə və VHF əsasən də müəyyən mallara ola bilər.
Beynəlxalq mühasibat uçotu qaydalarına əsasən bu verilmiş güzəşt müştərinin son qalıq borcundan azaldıla bilər. Amma burada bir sıra mühasibat uçotu ilə vergi uçotu arasında uyğunsuzluqlar yaranır. Belə ki,verilmiş bu güzəştlər nəticəsində bəzi malların maya dəyəri aşağı düşmüş ola bilər, amma bu tam belə deyildir. Belə ki, müəssisə məhsul satışına görə istehsalçı müəssisədən satış dövriyyəsinə uyğun olaraq illik və rüblük bonuslar (satışdankənar gəlirlər) əldə edir. Bu satışdankənar gəlirlər müəssisə tərəfindən bəyan edilməklə illik mənfəət vergisinə cəlb olunur.
Məhz bu satışdankənar gəlirlər vasitəsilə müəssisə bu cür bəzi məhsullara görə alıcılara güzəşt tətbiq edə bilir. Burada beynəlxalq mühasibat uçotu qaydaları ilə heç bir uyğunsuzluqlar mövcud deyildir. Xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimə əsasən vergi uçotuna əsasən bu cür tətbiq edilmiş verilmiş güzəştlərin qanunla qadağan olunub olunmaması barədə və bu əməliyyatların aparılması qaydaları barədə məlumat verəsiniz. Həmçinin ƏDV bəyannamələrində VHF dəqiqləşmə aparılarkən uyğunsuzluqlar yaranacaqmı? Bütün bunlar haqqında ətraflı məlumat verməyinizi xahiş edirəm.
Cavab:
Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) vergi tutulan əməliyyatlar dəqiqləşdirilməklə həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.
Yuxarıda qeyd olunanlara əsasən siz azaldılmış gəlirləri qiymətləndirmədə dəyişikliyin baş verdiyi ayda ƏDV bəyannaməsində qeyd etməlisiniz.
Eyni zamanda, mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsi 30 faizdən aşağı olduqda ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 163-cü maddələri.
Mənbə: taxes.gov.az