Hər kəsə məlum olduğu kimi Azərbaycan Respublikası ərazisində yaşayış evi, mənzillər də daxil olmaqla, daşınmaz əmlak sayılan bütün növdən əmlakın sığortası icbaridir. Bu sığorta növü üzrə sığortalamaqdan imtina yaşayış evi və mənzillərə münasibətdə yerli icra hakimiyyəti orqanı (mexanizm mövcud deyil), qeyri-yaşayış sahələrinə münasibətdə Fövqəladə Hallar Nazirliyi tərəfindən sanksiyalara (mexanizm mövcuddur) cərimə növündə səbəb olur. Bu səbəbdən də hər bir fiziki və hüquqi şəxs üçün bu sığorta növü üzrə əmlakın sığortalanması mühüm bir səciyyəyə malikdir.
“İcbari Sığortalar haqqında” Qanunun tələbinə görə istər mənzil sahibi, istərsə də qeyri-yaşayış sahəsini icarəyə götürən şəxslər hər təqvim ili ərzində 1 illik olmaqla daşınmaz əmlakını icbari qaydada sığortalatmalıdır. Sığortalama zamanı ağla gələn ilk sual əmlakın dəyərinin müəyyən edilməsindən ibarət olduğu üçün bu suala cavab verməyə çalışacağıq.
Qeyd edək ki, yaşayış evləri və mənzillər üçün əmlak dəyərinin müəyyən edilməsinə ehtiyac yoxdur. Ona görə ki, bu kateqoriya üzrə konkret net məbləğlər müəyyən olunub. Belə ki, Bakı şəhərində yerləşən yaşayış evi və mənzillər 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 20 min manat, digər yaşayış məntəqələrindəki əmlak isə 15 min manat məbləğində icbari sığortalanır. Bu məbləğlər sabitdir. Əslində hazırki bazar dəyərlərinə əsasən bu məbləğlər çox cüzi görünsə də, mövcud vəziyyətdə təminatlar sabit olduğu üçün real zərərdə itkilərə gətirə bilir.
Daşınmaz əmlakın icbari sığortası qeyri-yaşayış sahələri, bina və tikililər üçün xüsusi hesablamalar müəyyən etmişdir. Belə ki, bina və tikililər üzrə dəyəri müəyyən edərkən əmlakın yerləşdiyi yerdəki eyni cür tikili və ya binanın inşasının (bərpa) dəyəri əsas tutulur. Qeyri-yaşayış sahələri üzrə isə əmlakın yerləşdiyi yerdəki eyni cür əmlakın orta bazar dəyəri əsas götürülə bilər. Qeyri-yaşayış sahələri üzrə həmçinin hesablamada əmlakı istismar edən şəxsin fəaliyyət kateqoriyası da mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, daşınmaz əmlaka sahibliyi həyata keçirən şəxsin fəaliyyət göstərdiyi iqtisadi fəaliyyət kateqoriyasına uyğun olaraq sığorta haqqı məbləği də müəyyən edilir.
İstinadlar:
İcbari sığortalar haqqında Qanun 2. fəsil
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası.