Əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta barədə işçilər nələri bilməlidir? Vəkillər Kollegiyasının üzvü, “LCG” vəkil bürosunun vəkili Əmiraslan Yusifov suala aydınlıq gətirib.

Əmək münasibətləri zamanı əmək qanunvericiliyinə uyğun olaraq, işəgötürən işçini sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə təmin etməlidir.

Sonuncu sığortanın adından da göründüyü kimi bu, icbari sığortadır, yəni məcburi xarakter daşıyır. Bəzən bu sığortanın adında “istehsalatda” sözü insanları çaşdırır. Onlar nəyin “istehsalat”, nəyin “qeyri-istehsalat” olduğunu müəyyənləşdirməyə çətinlik çəkirlər. Burada əmək fəaliyyətinin icrası nəzərdə tutulur. Ən təhlükəsiz işdə də hansısa hadisə baş verə bilər. Belə hallardan sığortalanmaq üçün belə bir icbari sığorta növü yaradılmışdır.

Bu sığorta növü üzrə sığorta şirkətinə ödənilməli olan sığorta haqqına gəlincə, sığorta haqqı işəgötürən (sığortalı) tərəfindən işçilərinin sığortalanması (sığorta olunanların) üçün sığorta şirkətinə (sığortaçıya) ödənilən məbləğdir. Bu məbləğin hesablanması işçinin illik əməkhaqqının müəyyən faizi nisbətində hesablanır. Bu tarif Nazirlər Kabinetinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” qərarı ilə müəyyən edilmişdir. Ümumi olaraq qeyd edək ki, ən aşağı tarif 0,2; ən yuxarı isə 2 faizdir.

Banner

Cari vergi ödəmələrinin hesablanma metodu

Nazirlər Kabinetinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” qərarında şirkətin hansı sahədə fəaliyyət göstərməsindən və işçinin vəzifəsinin qulluqçu, yoxsa fəhlə olmasından asılı olaraq tarif dəyişir. Hər hansı şirkətin işçilərinin sığorta haqqının hansı tariflə hesablanmasını bilmək üçün, ilk öncə şirkətin fəaliyyət sahələrini dəqiqləşdirməli və Nazirlər Kabinetinin qeyd edilən qərarında hansı sığorta risk dərəcəsinə uyğun olduğu yoxlanılmalıdır. Qərarda 14 risk dərəcəsi müəyyən edilmişdir. Daha sonra vəzifəsinə uyğun olaraq işçinin qulluqçu, yoxsa fəhlə olduğu müəyyən edilir. Bu kateqoriyanı “Vahid tarif ixtisas sorğu kitabça”sından yoxlamaq olar.

Məsələn, tutaq ki, şirkət yaradılarkən əsas fəaliyyət sahəsi “yük maşınları ilə yükdaşıma” seçilib. Nazirlər Kabinetinin sığorta risk dərəcəsini müəyyənləşdirən qərarında bu fəaliyyət 9-cu risk dərəcəsinə aiddir. Bu risk dərəcəsi üzrə qulluqçular üçün 0,4; fəhlələr üçün 1,4 faiz müəyyən edilmişdir. Bu sahədə fəaliyyət göstərən şirkətin “avtomobil nəqliyyatı dispetçeri” qulluqçu, “avtomobil sürücüsü” isə fəhlə kateqoriyasına aiddir.

Fəaliyyət sahəsinin adı Sığorta risk dərəcəsi Qulluqçu Fəhlə
Yük maşınları ilə yükdaşıma 9 0,4% 1,4%

Avtomobil nəqliyyatı dispetçerinin qulluqçu kateqoriyasına aid olması “Avtomobil nəqliyyatı sahəsinə aid olan qulluqçu vəzifələrinin “Vahid tarif ixtisas sorğu kitabçası”, avtomobil sürücüsünün fəhlə kateqoriyasına aid olması isə “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası” ilə müəyyən edilmişdir.

Çox vaxt sual edilir ki, sığorta müqaviləsini bağlamaq üçün hansı addımları atmaq lazımdır? Xatırladaq ki, əvvəllər bu müqaviləni bağlamaq və hər dəfə işə qəbul, azad edilmə, dəyişikliklərlə bağlı müvafiq əlavələr imzalamaq lazım gəlirdi. Hətta bəzən işçinin işə qəbul edilməsindən sonra müvafiq sığorta şirkətinə məlumat verilməsi unudulanda həmin işçi icbari sığortalanmamış olurdu. Artıq bir çox xidmətlər kimi, bu icbari sığortanın da müqaviləsi elektronlaşdırılmışdır, bununla da həm vaxt itkisinin qarşısı alınır, həm də sistemin avtomatikləşməsi ilə bütün əməliyyatlar qeydə alınır.

İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər 5 min manat məbləğində cərimə edilir.

Mənbə: vergiler.az


Xaricdə müalicə üçün verilən yardım vergiyə cəlb olunurmu?