Əmək müqaviləsinin müddəti bitən işçinin hansı təminatları var?

birbank biznes

Müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda müqaviləyə xitam verilir. Bəs bu halda işçilərin hansı təminatları vardır? Onlara ödəniş edilirmi? Mövzu ilə bağlı suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir:

Əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir.

Misal 1: İşçi ilə əmək müqaviləsi bir il müddətinə bağlanıb və müqavilənin müddəti 30.04.2023-cü il tarixdə bitəcək. Tərəflərdən biri 07.05.2023-cü il tarixədək əmək müqaviləsinin xitamı ilə bağlı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılır. Bu zaman işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək Münasibətləri və Məşğulluq” altsistemində (ƏMAS) işçinin müqavilə müddətinin dəyişdirilməsi təmin edilməlidir.

Misal 2: Satıcı vəzifəsində çalışan işçi ilə əmək müqaviləsi bir il müddətinə bağlanıb və müqavilənin müddətinin 07.04.2023-cü il tarixdə bitməsi qeyd olunub. İşçiyə müqavilə müddətinin bitməsi və müqavilənin uzadılmayacağı haqqında bildiriş daxil olub. İşçinin aylıq əməkhaqqı məbləği 430 manatdır. Aprel ayında iş günlərinin sayı 22 gün olub. İşçi məzuniyyət hüququndan istifadə etməyib.

Bu halda işçiyə iki ödəniş verilməlidir: faktiki işlənmiş vaxta görə əməkhaqqı; istifadə edilməmiş məzuniyyətə görə kompensasiya.

Faktiki işlənmiş vaxta görə əməkhaqqı belə hesablanır:

430 : 22 = 19.55 manat:
19.55 x 5 = 97.75 manat.

Burada 5 gün işçinin apreldə işlədiyi günlərin sayıdır.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya isə bu cür hesablanır:

İşçi bir il ərzində əmək məzuniyyətindən istifadə etmədiyi üçün 21 günə görə kompensasiya almalıdır. Onun orta aylıq əməkhaqqı məbləğinin 430 manat olduğunu nəzərə almaqla orta gündəlik qazancı tapaq:

Bir günə düşən orta əməkhaqqı: 430 : 30.4 = 14.14 manat;

Məzuniyyətə görə kompensasiya: 21 x 14.14 = 296.94 manat.

Deməli, işçiyə cəmi 394.69 manat ödəniş olunacaq:

296.94 + 97.75 = 394.69 manat.

Bəs sınaq müddəti ərzində işçi özünü doğrultmazsa, əmək müqaviləsinə xitam verilən zaman işçiyə hansı ödənişlər edilməlidir?

Sınaq müddəti ərzində xitam zamanı da işçiyə faktiki işlənmiş iş vaxtına uyğun əməkhaqqı və xitam olunduğu tarixə qədər istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir. Xitam prosesində işəgötürən tərəfindən işçiyə ödənilməli olan müavinətləri aşağıdakı şəkildə ümumiləşdirə bilərik:

Orta aylıq əməkhaqqının azı 2 misli miqdarında müavinət aşağıdakı hallarda ödənilir:

  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • işçinin hərbi və ya altemativ xidmətə çağırılması;
  • qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi.

Orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilən hallar:

  • işçi vəfat etdikdə;
  • müəssisənin mülkiyyətçisi dəyişdikdə.

Qeyd edilən əsaslardan hansı biri ilə xitam verilməsindən asılı olmayaraq, əmək müqaviləsinə xitam verildiyi zaman işçiyə xitam olunduğu tarixə qədər işlədiyi iş günlərinə görə əməkhaqqı və istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı | vergiler.az

Hansı vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır?