Hər il qanunvericiliyin, vergi nəzarəti və əmək təftişləri tədbirlərinin təkmilləşdirilməsinə, maarifləndirici təbdirlərin artırılmasına baxmayaraq ölkəmizdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsi halları hələ də aktual problem olaraq qalmaqdadır. Bəs belə hallarda işçilərin hüquqları necə təmin edilir? Vergi üzrə mütəxəssis İlqar Əsədov bu məsələyə aydınlıq gətirib:
Sözügedən məsələ günümüzdə də aktual olaraq qalmaqdadır. Əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşdirilməsini təsdiq edən sənəddir. Bu sənədin olmaması sonradan işçi üçün ciddi sıxıntılar yaradır. Əmək münasibətlərində daha diktəedici tərəf işəgötürən hesab edilir. Elə buna görədir ki, Əmək Məcəlləsinin bir çox müddəaları əsas etibarı ilə işçiyə qayğı, onun müdafiəsi, onun dövlət tərəfindən himayəyə alınması ruhunda tərtib edilmişdir. Bu səbəblədir ki, əmək müqaviləsi bağlamamış işçiyə qarşı hər hansı tədbir nəzərdə tutulmamış, işəgötürənə isə İnzibati Xətalar Məcəlləsində cərimə müəyyən edilmişdir.
Əmək müqaviləsi bağlamadıqda işçilər hansı hüquqlarından məhrum olur?
Əmək müqaviləsi bağlamadıqda işçilər bir sıra hüquqlarından məhrum olurlar. Belə ki, onlara əmək kitabçası açılmır və iş stajı hesablanmır. Münasibətlərin rəsmiləşdirilməməsi pensiya təminatına mənfi təsir edir. Eyni zamanda, ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququ, hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar və onlarla imzalanmış müqaviləyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir. Əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər. Müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə və xəstəlik vərəqəsi təqdim edərsə də müavinət ala bilmirlər. Həmçinin işəgötürən müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə Əmək Məcəlləsində göstərilən tələblərə əməl etmədən şifahi qaydada xitam verə bilər.
Əmək müqaviləsi bağlandıqda burada hər bir işçinin qəbul olunduğu peşə və ya vəzifə göstərilir. İşçi və işəgötürən bu peşə və ya vəzifə üzrə öz üzərlərinə müəyyən vəzifə və ya öhdəliklər götürürlər. Əmək müqaviləsi bağlanmadıqda işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina edə bilər, digər tərəfdən isə, işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək əsası ilə və işdən azad etməklə əmək münasibətlərinə xitam verə bilər.
Əmək müqaviləsinin bağlanmaması işəgötürən tərəfindən işçinin sağlamlığına, əməyin mühafizəsinə, sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaratmaq barədə qanunla nəzərdə tutulan öhdəliyindən imtina etməsinə, iş və istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl etməməsinə şərait yaradır. İşəgötürən tərəfindən işçinin sosial müdafiə olunma, güzəşt və imtiyazlardan istifadə etmə, məcburi və əlavə sığortalar və s. kimi öhdəliklərdən imtina etməsi ilə nəticələnir.
Əmək müqaviləsi bağlanmadıqda və aylıq əmək haqqı göstərilmədikdə işçi hər hansı bir mübahisə yaranarsa, faktiki aldığı əmək haqqını tələb etmək hüququnu və qanunla ona ödənilməli olan müavinətləri itirir.
Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu
Əmək müqaviləsi bağlamamış işçi ilə işəgötürən arasındakı mübahisələrin həlli…
Bir çox sahibkarlar elə düşünürlər ki, işçi ilə əmək müqaviləsi bağlamayıblarsa, onların maaşından kəsə və ya ümumiyyətlə verməkdən imtina edə bilərlər. Əslində isə bu belə deyil. Çünki istənilən mübahisə tərəflər arasında öz həllini tapmazsa, sonda məhkəmə yolu ilə həll olunacaqdır və əmək müqaviləsinin bağlanılmaması hələ o demək deyil ki, məhkəmə işçinin iddiasını rədd edəcək və işçinin haqqları təmin edilməmiş qalacaqdır.
Əmək müqaviləsi bağlamamış işçi ilə işəgötürən arasında hər hansı, o cümlədən ödənilməmiş əmək haqqları kimi mübahisələr məhkəmə orqanlarında əmək müqaviləsi olmadığına görə Mülki Məcəllə ilə öhdəlik hüquqlarına uyğun olaraq baxılır. Əgər istintaq zamanı həqiqətən işçinin həmin müəssisədə, (tikinti yerində, zavodda və s.) çalışdığı və onun əmək haqqısının ödənilmədiyi təsdiqlənərsə, işəgötürənin işçiyə olan öhdəliyi təmin edilə bilər. İstintaq və işçi üçün bunu sübut etmək o qədər də çətin olmayacaqdır. Müəssisədə işləmiş işçi yalnız işçilərin bilmək imkanı olduğu məlumatları, işin incəliyi, müəssisəyə və onun fəaliyyətinə məxsus digər səciyyəvi cəhətləri, digər işçilər ilə olan yazışmaları və iş üçün əhəmiyyətli hesab edilən digər məlumatları təqdim etməklə mövqeyini müdafiə etməkdə çətinlik çəkməyəcəkdir. Məhkəmə təcrübəsində bənzər hallar olmuş və işçilərin hüquqları təmin edilmişdir. Bununla belə, işçilər bilməlidirlər ki, əmək müqaviləsi bağlamadıqda bir sıra hüquqlarını tamamilə itirəcək və heç məhkəmə yolu ilə belə bərpa edə bilməyəcəklər.
Əmək müqaviləsi bağlamayan işəgötürənləri nə qədər cərimə gözləyir?
İstintaq zamanı işəgötürənlər özlərini aşağıdakı risklərə salmış olacaqlar: İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir.
Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllərin təkrar törədilməsi isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əmək münasibətlərinin leqallaşması cəmiyyətin sosial rifahına əhəmiyyətli təsir edir. Bu səbəblə də işçiləri hüquqlarını tələb etməyə, işəgötürənləri isə qanunvericiliyin tələblərinə riayət etməyə dəvət edirik. Müsbət haldır ki, son illər ölkədə bu istiqamətdə görülmüş işlər sayəsində bağlanmış əmək müqavilələrinin sayında xeyli artım müşahidə olunmaqdadır.
Mənbə: vergiler.az
Bax: