Əlilliyi olan şəxslərin digər vergi güzəşti hüququnun olması

Vergi Məcəlləsinə edilən dəyişikliklər, Vergi Məcəlləsi 2022,Vergi Məcəlləsinin tələblərinə əsasən, əlilliyi olan fiziki şəxslərin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirlərinə vergi güzəştləri tətbiq olunur. Bəzi hallarda isə həmin şəxslərin digər güzəşt hüquqları da yaranır. Bu halda həmin fiziki şəxsin gəlirindən vergi hesablanarkən hansı güzəşt növünə üstünlük verilir? Suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, fiziki şəxsin bu Məcəllənin 102.2-ci (400 manat), 102.3-cü (200 manat) və 102.4-cü (100 manat) maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

Maddələrdən göründüyü kimi, işçinin bir neçə güzəşt hüququ olduqda onlardan ən böyük olmaqla biri tətbiq edilir. Yalnız himayədə olan şəxslərlə bağlı edilən 50 manatlıq güzəşt hüququ digər güzəşt hüququ ilə birlikdə tətbiq edilə bilər.

Banner

Misal: Dövlət müəssisəsində çalışan işçinin aylıq əməkhaqqı məbləği 1400 manatdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı alan şəxs olmaqla yanaşı, II dərəcə əlilliyi olan şəxsdir. Himayəsində 3 nəfər 18 yaşadək uşaq vardır. Onun əməkhaqqından vergi hesablanarkən nə qədər güzəşt edilməlidir?

Nümunəyə uyğun olaraq, 1400 manat əməkhaqqı aldan işçinin vergiyə cəlb edilən gəlirindən aşağıdakı məbləğlər çıxılacaq:

  • 200 manat – Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən tətbiq edilən azadolma;
  • 400 manat – Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxs olduğu üçün Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən verilmiş güzəşt;
  • 50 manat – Himayəsində olan uşaqların sayına görə Vergi Məcəlləsinin 102.5 ci maddəsinə əsasən verilmiş güzəşt.

Deməli, həmin işçinin vergi tutulan gəliri 750 manat olacaq:

1400 – 200 – 400 – 50 = 750 manat.

Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az