Azərbaycanda “Dövlət satınalmaları haqqında” qanunun 50-1-ci maddəsinə uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən satınalmalar zamanı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) 100 manatdan 1 500 manata qədər iştirak haqqı ödəyəcəklər.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”da öz əksini tapıb.
“Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında, 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” dədəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1376 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə
1.1.Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin icrası məqsədilə hazırlanmışdır və həmin Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq dövlət satınalmalarının vahid internet portalında açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğini, ödənilməsini və iştirak haqqından yığılan vəsaitdən istifadə qaydasını müəyyən edir.
1.2.Bu Qayda ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsi ilə müəyyən edilən satınalmaların həyata keçirilməsi üçün iştirak haqlarından daxil olan vəsait Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xəzinə hesabına köçürülür və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaiti (bundan sonra – vəsait) hesab olunur.
1.3.Vəsaitdən dövlət satınalmalarının vahid internet portalını (bundan sonra – internet portalı) istismar etmək, təkmilləşdirmək və saxlamaq, internet portalının təhlükəsizliyini, digər dövlət qurumları ilə inteqrasiyasını, elektron hesablaşmalar sisteminə qoşulmasını, məlumat və verilənlər sisteminin qorunmasını təmin etmək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək, elmi-texniki potensialını artırmaq və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur.
2.Elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği
2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1-ci maddəsinə uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən satınalmalar zamanı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) tərəfindən aşağıdakı məbləğlərdə iştirak haqqı ödənilir:
Sıra
No-si |
Satınalma metodu | Məbləğ (manat) |
1 | 2 | 3 |
1. | Kotirovka sorğusu | 100 |
2. | Ehtimal olunan qiyməti (yuxarı hədlər daxil olmaqla) elan edilmiş açıq tenderlər: | |
2.1 | 50.000 manatadək | 100 |
2.2 | 50.000 manatdan 100.000 manatadək | 150 |
2.3 | 100.000 manatdan 200.000 manatadək | 250 |
2.4 | 200.000 manatdan 500.000 manatadək | 350 |
2.5 | 500.000 manatdan 1.000.000 manatadək | 450 |
2.6 | 1.000.000 manatdan 2.000.000 manatadək | 600 |
2.7 | 2.000.000 manatdan 4.000.000 manatadək | 1000 |
2.8 | 4.000.000 manatdan 3.000.000 ABŞ dollarının manat ekvivalentində olan məbləğədək | 1500 |
3. İştirak haqqının ödənilməsi
3.1. Malgöndərənlər (podratçılar) tərəfindən dövlət satınalmalarının vahid internet portalı vasitəsilə ödənişlər aşağıdakı qaydada aparılır:
3.1.1. malgöndərən (podratçı) gücləndirilmiş elektron imza vasitəsilə internet portalından istifadə şərtlərini qəbul edərək internet portalına daxil olur;
3.1.2. malgöndərən (podratçı) iştirak etmək istədiyi tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün elektron ödəniş sistemi vasitəsilə keçirilən satınalmaya uyğun olaraq bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş iştirak haqqını internet portalı vasitəsilə ödəyir;
3.1.3. malgöndərən (podratçı) tərəfindən ödənilmiş vəsait elektron ödəniş sistemində yaradılmış müvəqqəti hesaba daxil olduqdan sonra malgöndərənə (podratçıya) bu barədə bildiriş göndərilir və malgöndərən (podratçı) ödəniş edilmiş satınalma predmeti üzrə tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini əldə edir və iddiaçı kimi qeydiyyatdan keçmək hüququ qazanır.
3.2. Elektron ödəniş sistemində yaradılmış müvəqqəti hesab üzrə yığılmış vəsait iş gününün sonunda Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yaradıl-mış xəzinə hesabına köçürülür.
3.3.Ödənilmiş iştirak haqqı geri qaytarılmır.
4.Vəsaitdən istifadə edilməsi
4.1.Vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu məqsədlə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində açılmış müvafiq xəzinə hesabı vasitəsilə həyata keçirilir.
4.2.Vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir.
4.3.Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.
4.4.Büdcədənkənar vəsaitdən istifadəyə dair rüblük hesabatlar onun istifadəçisi (sərəncamçısı) tərəfindən artan yekunla tərtib edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən rüblük hesabat hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublika-sının Maliyyə Nazirliyinə təqdim edilir.
4.5.Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sərənca-mındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.
4.6. Bu Qərara əsasən yığılmış büdcədənkənar vəsait 4.7-ci bənddə nəzərdə tutulmuş istiqamətlərdən başqa istiqamətə “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarına əsasən istifadə edilə bilər.
4.7. Yığılmış vəsait Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aşağıdakı istiqamətlərdə istifadə edilir:
4.7.1. iştirak haqqından yığılan vəsaitin 50 faizi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən internet portalının istismarı, təkmilləşdirilməsi və saxlanılması ilə bağlı xərc-lərin ödənilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə özəl tərəfdaş arasında bağlanılmış dövlət-özəl tərəfdaşlığı haqqında müqaviləyə əsasən özəl tərəfdaşa ödənilir;
4.7.2. vəsaitin 10 faizi internet portalının təhlükəsizliyi, digər dövlət qurumları ilə inteqrasiyası, elektron hesablaşmalar sisteminə qoşulması, elektron ödənişlərin qəbulu, məlumat və verilənlər sisteminin qorunub saxlanılması və sair xərclərin ödənilməsi üçün digər dövlət və özəl şirkətlər tərəfindən təqdim edilən mal və xidmətlər üçün istifadə edilir;
4.7.3. vəsaitin qalan hissəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, Nazirliyin elmi-texniki potensialının artırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə aşağıdakı istiqamətlərə xərclənilir:
4.7.3.1. 30 faizi işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması və bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;
4.7.3.2. 10 faizi elmi-texniki potensialın artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən bu məqsədlə malların (işlərin və xidmətlərin) alınmasına.
4.8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.
5.Yekun müddəalar
5.7.Bu Qaydanın4.7.3.1-ci yarımbəndinə əsasən ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.
5.8.Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Mənbə: nk.gov.az