ƏDV ödəyiciləri üçün debitor və kreditorlar barədə hesabat forması təsdiqlənib
Bildiyimiz kimi, ƏDV ilə bağlı Vergi Məcəlləsində dəyişikliklər edilmişdir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar, ƏDV inzibatçılığının təkmilləşdirilməsi, o cümlədən vergiyə cəlb olunan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərancamına daxil olduğu vaxtla müəyyən edilməsi ilə bağlı qanunverciliyin yeni müddəaları nəzərə alınmaqla – “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə “Məlumat Forması” təsdiq olunmuşdur.
Məlumatlar 31.01.2020-ci il tarixədək tərtib olunaraq vergi orqanına təqdim edilməlidir.
Nəzərə almaq lazımdır ki, yeni formada həm Vergi ödəyicisi olan, həm də olmayan debitor və kreditorlar barədə məlumatlar ayrı ayrılıqda əks etdirilməlidir. Həmçinin ƏDV və Əsas məbləğ də ayrılıqda qeyd edilməlidir.
Tərtib edilmə qaydasına nəzər yetirin.
“2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması”nın
tərtib edilməsi QAYDASI
- Bu forma 01.01.2020-ci il tarixədək qeydiyyata alınmış ƏDV ödəyiciləri tərəfindən 01.01.2020-ci il tarixdən 31.01.2020-ci il tarixinədək təqdim olunur. Müvafiq forma təqdim edilmədikdə (və yaxud heç bir göstərici olmadan təqdim edildikdə) vergi ödəyicisinin 01.01.2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur.
- Müvafiq Forma ƏDV-yə cəlb olunan əməliyyatın vaxtı ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişiklik nəzərə alınaraq aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etmək (təkrar hesablanmasının qarşısını almaq) məqsədini daşıyır.
- Forma tərtib edilərkən vergi ödəyicisinin malların (işlərin və xidmətlərin) təqdim edilməsi üzrə əməliyyatları istisna olmaqla digər əməliyyatları üzrə debitor və kreditor borclarının qalığı nəzərə alınmır.
- Vergi ödəyicisi kimi uçotda olan rezident şəxslərin və qeyri-rezidentlərin məlumatları hər bir şəxs üzrə ayrılıqda qeyd olunur. Vergi ödəyicisi kimi uçotda olmayan şəxslər üzrə debitor borcların, habelə alınmış avansların 01.01.2020-ci il tarixə qalıq məbləği ayrı-ayrılıqda cəmlənərək formanın müvafiq sətirlərində əks etdirilir.
- Məlumat formasında qeyd olunan məlumatlar Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergi orqanları tərəfindən mənbəyi bəlli olan məlumat kimi qiymətləndirilərək vergitutma məqsədləri üçün istifadə edilə bilər.
- Mübahisələrin qarşısının alınması üçün mallar (işlər və xidmətlər) üzrə debitor borcların, habelə alınmış avansların 01.01.2020-ci il qalıq dəyəri barədə məlumatlar dəqiqləşdirildikdən sonra tərəflər arasında üzləşmə aktı tərtib olunur. Üzləşmə aktının tərtib edilməsi mümkün olmadıqda müvafiq məlumatların razılaşdırıldığına dair əsas kimi qəbul edilən sənədin və ya texniki əməliyyatın tarixi üzləşmə aktının tarixi kimi nəzərə alınır. Üzləşmə aktının və ya digər sənədin surəti vergi ödəyicisi tərəfindən könüllü qaydada vergi orqanına təqdim edilə bilər.
- Vergi ödəyicisinin fəaliyyətinin olmaması, ləğv prosesinin başlaması, habelə ƏDV qeydiyyatının müvafiq formanın təqdim edilməsi ilə bağlı nəzərdə tutulan müddət (01.01.2020 – 31.01.2020 tarixləri) ərzində ləğv edilməsi Məlumat formasının təqdim edilməməsinə əsas vermir.
- Formaya daxil edilən rəqəmlər milli valyuta ilə (manatla) ifadə olunur.
- Məlumat formasında əksini tapmış “mal”, “iş (xidmət)”, “qeyri-rezident” kimi, lakin bununla məhdudlaşmayan anlayışlar Vergi Məcəlləsi ilə nəzərdə tutulan eyni mənanı bildirir.
- Məlumatların müvafiq formaya daxil edilməsi üçün təqvim ili başa çatdıqdan sonra ilkin olaraq ƏDV ödəyicisi tərəfindən əvvəlki dövrlərdə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı 01.01.2020-ci il tarixə ödənilməmiş debitor borcların və alınmış avanslar üzrə kreditor borcların həcmi (o cümlədən ƏDV məbləği) ayrılıqda müəyyənləşdirilir.
- Məlumat Forması 2 hissədən ibarətdir və aşağıdakı qaydada tərtib olunur:
11.1. Formanın 1-ci hissəsində vergi ödəyicisinin əvvəlki dövrlərdə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı 01.01.2020-ci il tarixə ödənilməmiş debitor borcları barədə məlumat rezidentlik statusu nəzərə alınmaqla hər bir şəxs üzrə ayrılıqda əks etdirilir. Vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) şəxslər üzrə məlumatlar cəmlənərək müvafiq sətirdə əks etdirilir.
11.2. Formanın 2-ci hissəsinə vergi ödəyicisinin 01.01.2020-ci il tarixdən sonra təqdim ediləcək mal, iş və xidmətlərlə bağlı alınmış avanslar üzrə kreditor borclarının qalığı barədə məlumatlar rezidentlik statusu nəzərə alınmaqla hər bir şəxs üzrə ayrılıqda daxil edilir. Vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) şəxslər üzrə məlumatlar cəmlənərək müvafiq sətirdə əks etdirilir.
11.3. “Məlumat formasının təqdim edildiyi vergi orqanı” sətrində Məlumat formasını təqdim edən vergi ödəyicisinin uçotda olduğu müvafiq vergi orqanının adı göstərilir.
11.4. 2-ci və 3-cü sətirlərdə vergi ödəyicisinin VÖEN-i və adı barədə məlumatlar müvafiq xanalarda göstərilir.
11.5. Məlumat Formasının 4.1-ci sətrinə aid sütunlarda rezidentlər üzrə müvafiq (təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı yaranmış debitor borclar (alacaqlar) üzrə qalıqlar barədə) göstəricilər əks etdirilir. O cümlədən “ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlar” sütununda vergi ödəyicisinin ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlari üzrə, eləcə də ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı tarixdən əvvəlki debitor borclarının 01.01.2020-ci il tarixə qalığı əks etdirilir. “ƏDV məbləği” sütununda vergi ödəyicisinin aparılmış əməliyyatlarla əlaqədar 01.01.2020-ci il tarixə ƏDV üzrə debitor borclarının qalıq məbləği qeyd olunur. Malın (işin, xidmətin) dəyəri ödənilmədiyi halda ƏDV üzrə debitor borc yoxdursa “ƏDV məbləği” sütununda “0” (sıfır) rəqəmi qeyd olunur.
Vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) şəxslər (əhali) üzrə debitor borcların qalığı hər bir şəxs üzrə ayrılıqda qeyd olunmur (Məsələn: “Nominal Value” Şirkətinin təqdim etdiyi mallara görə “Absolute” şirkətinin 01.01.2020-ci il tarixə borcu 1000 AZN (ƏDV-siz) təşkil edir. Qeyd olunan əməliyyat üzrə ƏDV məbləği tam həcmdə “Absolute” şirkəti tərəfindən “Nominal Value” Şirkətinin ƏDV sub-uçot hesabına ödənildiyindən 01.01.2020-ci il tarixə ƏDV üzrə ödənilməli borcu mövcud deyildir. Bu zaman “Nominal Value” şirkəti tərəfindən vergi orqanına təqdim edilən müvafiq Məlumat Formasının 1-ci sətrinin “ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar (ƏDV-siz)” sütununda 1000 manat, “ƏDV məbləği” sütununda isə “0” manat qeyd olunacaqdır.).
11.6. Formanın 4.2-ci sətrindəki sütunlarda qeyri-rezidentlərə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı yaranmış debitor borclar (alacaqlar) üzrə qalıqlara dair məlumatlar hər bir qeyri-rezident üzrə ayrıca əks etdirilir. “Qeyri-rezidentin ölkəsi” sütununda qeyri-rezidentin rezidenti olduğu ölkənin Dövlət Statistika Komitəsinin 2016-cı il 20 iyul tarixli 7/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş Dünya Ölkələri Təsnifatına dair Dövlət Standartına uyğun kodu, tam və ya qısaldılmış adı qeyd olunur. “Qeyri-rezidentin adı” sütununda qeyri-rezidentin adı ingilis dilində yazıldığı şəkildə qeyd olunur. Formanın 2-ci sətrinə aid digər sütunlar 4.1-ci sətrin müvafiq sütunlarına uyğun qaydada doldurulur.
11.7. Məlumat Formasının 5.1-ci sətrinə aid sütunlarda rezidentlər üzrə müvafiq (təqdim ediləcək mal, iş və xidmətlərlə bağlı alınmış avanslar üzrə kreditor borcların qalığı barədə) göstəricilər əks etdirilir. O cümlədən “ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlar üzrə” sütununda vergi ödəyicisinin ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlari üzrə, eləcə də ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı tarixdən əvvəl alınmış avanslar üzrə kreditor borclarının qalığı əks etdirilir. “ƏDV məbləği” sütununda vergi ödəyicisinin aparılmış əməliyyatlarla əlaqədar 01.01.2020-ci il tarixə ƏDV üzrə alınmış avanslar üzrə kreditor borclarının qalıq məbləği qeyd olunur. Malın (işin, xidmətin) dəyəri üzrə avans ödənilmədiyi halda ƏDV üzrə avans məbləğ (o cümlədən ƏDV-DH vasitəsilə) ödənilmişdirsə “ƏDV məbləği” sütununda ƏDV üzrə alınmış avansın qalıq məbləği, “18% dərəcə ilə vergiyə cəlb olunan əməliyyatlar (ƏDV-siz)” sütununda isə “0” (sıfır) rəqəmi qeyd olunur.
Vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) şəxslər üzrə avans qalıqları hər bir şəxs üzrə ayrılıqda qeyd olunmur (Məsələn: ƏDV-nin ödəyicisi olan “Fair Status” MMC tərəfindən alınacaq mallara görə “Sahibkar dostu” şirkətinin ƏDV sub-uçot hesabına 2019-cu ilin dekabr ayı ərzində avans qaydada 2200 manat ƏDV məbləği ödənilsə də həmin malların əsas məbləği üzrə “Sahibkar dostu” şirkətinə hər hansı ödəniş aparılmamışdır. “Sahibkar dostu” şirkəti tərəfindən vergi orqanına təqdim edilən müvafiq Məlumat Formasının 5.1-ci sətrinin “ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar (ƏDV-siz)” sütununda “0” manat, “ƏDV məbləği” sütununda isə 2200 manat qeyd olunacaqdır.).
11.8. Formanın 5.2-ci sətrindəki sütunlarda qeyri-rezidentlərə təqdim ediləcək mal, iş və xidmətlərlə bağlı alınmış avanslar üzrə qalıqlara dair məlumatlar hər bir qeyri-rezident üzrə ayrıca əks etdirilir. “Qeyri-rezidentin ölkəsi” sütununda qeyri-rezidentin rezidenti olduğu ölkənin Dövlət Statistika Komitəsinin 2016-cı il 20 iyul tarixli 7/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş Dünya Ölkələri Təsnifatına dair Dövlət Standartına uyğun kodu, tam və ya qısaldılmış adı qeyd olunur. “Qeyri-rezidentin adı” sütununda qeyri-rezidentin adı ingilis dilində yazıldığı şəkildə qeyd olunur. Formanın 5.2-ci sətrinə aid digər sütunlar 5.1-ci sətrin müvafiq sütunlarına uyğun qaydada doldurulur.
11.9. Məlumat formasının təqdim edən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsi barədə məlumatlar 1-6.3-cü sətirlərdə, məlumatın təqdim edilmə tarixi (gün, ay və il) 6.4-cü sətirdə, məlumat formasını imzalayan səlahiyyətli şəxsin imzası isə 6.5-ci sətirdə əks etdirilir. Məlumat Formasının 6.6-cı sətrində nəzərdə tutulan hissəyə vergi ödəyicisi tərəfindən möhür vurulur.
12. Məlumat formasının 1-ci və 2-ci hissələrində digər şəxslə aparılmış əməliyyatlar (müqavilələr) üzrə qalıqlar cəmlənməklə hər bir şəxs üzrə yekun məbləğ yalnız bir dəfə əks etdirilir. Vergi ödəyicisinin digər şəxslə apardığı əməliyyatlar nəticəsində ödənilməmiş debitor borcları ilə yanaşı avans qalığı da olduqda müvafiq məlumatlar Məlumat formasının hər 2 hissəsində ayrılıqda öz əksini tapır (Məsələn: vergi ödəyicisinin digər şəxslə bağladığı A və D müqavilələri üzrə 01.01.2020-ci il tarixə ödənilməmiş debitor borcunun qalığı Məlumat formasının 1-ci hissəsində, B və C müqavilələri üzrə alınmış avanslar üzrə kreditor borclarının qalığı Formanın 2-ci hissəsində qeyd olunacaqdır).
13. Məlumat forması kağız formatda təqdim olunduqda, aidiyyəti sətirlərin (xanaların) rekvizitləri azərbaycan dilində (latın qrafikasında) böyük çap hərfləri ilə qara və ya tünd göy rəngli qələmdən (karandaşla doldurulmasına icazə verilmir) istifadə edilərək vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən yazılmalıdır. Məlumat formasının kompüter vasitəsilə də doldurulmasına icazə verilir. Forma şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə səlahiyyəti təsdiq edən sənədin məlumat formasına əlavə edilməməsi ona baxılmasından imtina edilməsinə əsas verir.
14. Kağız formasında tərtib edilmiş Məlumat forması vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir.
15. Məlumat formasını elektron formada vergi orqanına göndərmək üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olaraq Məlumat formasının müvafiq xanalarını doldurmalı və gücləndirilmiş elektron imzada istifadə etməklə imzalamalıdır.
16. Təqdim edilmiş formada düzgün olmayan və yaxud təhrif olunmuş (natamam) məlumatlar əks etdirildikdə, eləcə də mallar (işlər və xidmətlər) üzrə debitor borcların, habelə alınmış avansların dəyərində dəyişiklik olduqda üzləşmə aktı yenilənməklə vergi orqanına dürüstləşdirilmiş forma təqdim edilir.
17. Dürüstləşdirilmiş formanın təqdim edilmə sayı ilə bağlı məhdudiyyət qoyulmur. Buna baxmayaraq, nəzərdə tutulmuş müddətdən əvvəl və ya sonra təqdim edilən Məlumat formasının göstəriciləri nəzərə alınmır. Müəyyən edilmiş müddət ərzində təqdim edilmiş sonuncu məlumat forması əvvəlki məlumat formalarını qüvvədən salır.