Elə sahibkarlıq sahələri var ki, onların fəaliyyətini inkişaf etdirmək, stimullaşdırmaq məqsədilə bəzi əməliyyatlar, o cümlədən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, malların idxalı əlavə dəyər vergisindən (ƏDV) azaddır. )
İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsində kifayət qədər güzəştlər, azadolmalar yer alıb.
Məcəllənin 164-cü maddəsinə əsasən,
- kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı,
- lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı,
- damazlıq heyvanların idxalı və satışı,
- toxum və tinglərin idxalı və satışı,
- quş ətinin satışı,
- mineral gübrələrin, pestisidlərin idxalı və satışı,
- kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı,
- toxumların yetişdirilməsi,
- quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı,
- bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı
ƏDV-dən azaddır.
Burada diqqət çəkilməli olan məqamlardan biri bəzi malların ancaq idxalının, bəzi mallarınsa həm idxalının, həm də satışının ƏDV-dən azad edilməsidir. Məsələn, toxum və tinglərin idxalı ƏDV-dən azad olduğu kimi, satışı da Əlavə Dəyər Vergisidən azaddır. Lakin kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən baytarlıq preparatlarının idxalı ƏDV-dən azad olduğu halda, həmin malların Azərbaycan Respublikasında təqdim edilməsi Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən vergitutma obyektidir.
Misal:
Quş ətinin istehsalı ilə məşğul olan müəssisə öz istehsal fəaliyyətində istifadə etmək üçün ölkə xaricindən 10.000 manat dəyərində quşlarda xəstəliklərə qarşı istifadə edilən preparat idxal edir. Bu zaman həmin əməliyyat idxalda Əlavə Dəyər Vergisindən azaddır.
Vergi ödəyicisi həmin malın 5.000 manat dəyərində olan hissəsini ölkə daxilində təqdim etdikdə isə bu əməliyyat ƏDV-yə cəlb olunacaq və büdcəyə 900 manat Əlavə Dəyər Vergisi hesablanacaq.
Əlavə Dəyər Vergisindən azadolma və güzəştin malların ixracı ilə bağlı olan əməliyyatlara tətbiq edilməməsi nəzərə alınmalıdır. Tutaq ki, kütləvi informasiya vasitələri məhsullarının alğı-satqısı ilə məşğul olan vergi ödəyicisi 5.000 manat dəyərində qəzet və jurnalı ölkə xaricinə ixrac edir. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə uyğun olaraq həmin məhsulların satışı ƏDV-dən azad edilsə də, bu zaman əməliyyat Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, ƏDV-yə “0” dərəcəsi ilə cəlb olunacaq.
Mənbə: vergiler.az