E-kassanın növləri, tərkibi və istifadə xüsusiyyətləri

E-kassanın növləri

Əhali ilə nağd və nağdsız hesablaşma üçün istifadə edilən e-kassalar funksional xüsusiyyətləri və əməliyyat qabiliyyətlərinə görə aşağıdakı qruplardan birinə uyğun olmalıdır:

  • 1-ci qrup – proqram aparat növlü e-kassalar;
  • 2-ci qrup – portativ proqram növlü e-kassalar.

E-kassaların hər iki qrupu e-kassa operatoru tərəfindən quraşdırılmış e-kassa ilə birgə verilən hesablama qurğusuna əsaslanır. Portalın “E-kassanın tərkibi” bölümündəki bütün tələblərə cavab verir. Qeyd olunan tələblərlə yanaşı, 1-ci qrup, yəni proqram aparat növlü e-kassalar müxtəlif qiymətli istiqrazlar və metal pul kütlələri (sikkə) üçün nəzərdə tutulmuş çəkməcəli pul qutusuna malikdir. 2-ci qrup, yəni portativ proqram növlü e-kassalar öz enerji mənbəyi oduğundan, xarici enerji mənbələrinə qoşulmadan ən azı 4 saat ərzində davamlı fəaliyyəti göstərə bilir. Bunun üçün də e-kassaların bu növü avtonom enerji mənbəyi ilə təchiz olunmalıdır.


E-kassanın tərkibi

Banner

E-kassa sistemi iki əsas elementdən ibarətdir: bilavasitə e-kassa aparatının özündən və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusundan. Hər bir e-kassa nəzarət mexanizmi qurğusu ilə vahid ritmdə işləməlidir.

E-kassa

E-kassa hüquqi şəxslərə və fərdi sahibkarlara, malların satışı və xidmətlərin təqdim edilməsi zamanı pul hesablaşmaları üzrə kassa əməliyyatlarının aparılması imkanını yaradır.

İstifadə edildiyi yerdən asılı olaraq e-kassaların funksionallığında müəyyən fərqliliklər ortaya çıxır. Məsələn, yanacaqdoldurma məntəqələrində istifadə üçün nəzərdə tutulmuş e-kassalar məbləğin hesablanmasını və satış çekinin formalaşdırılmasını neft məhsullarının, mayeləşdirilmiş karbohidrogen qazların çıxışı ilə eyni vaxtda həyata keçirməsini təmin etməlidir. Bununla yanaşı, istehlakçıya masa arxasında xidmət göstərilən və hesab verilən ictimai iaşə obyektlərində istifadə üçün nəzərdə tutulmuş e-kassalar məbləğin hesablanmasının və satış çekinin yaradılmasını sifarişin qəbulu və təqdim olunması ilə eyni anda həyata keçirməlidir.

E-kassa vergi ödəyicisi haqqında məlumatları sertifikatdan ötürülərək çekin üzərində çap olunmasını təmin etməlidir. Çekin formalaşdırılması üzrə əməliyyat yalnız unikal idendifikatorun (fiskal İD) uğurla alınmasından sonra bitmiş hesab edilməlidir.

Bununla yanaşı, e-kassa dəyişilməyən zavod və ya seriya nömrəsinə malik olmalı və istifadəçisinin identifikasiyasını, həmçinin e-kassanın işə düşməsi üçün nəzarət mexanizmi qurğularının PIN kodunun yığılması imkanını təmin etməlidir.

Nəzarət mexanizmi qurğusu

E-kassanın tərkibi hissəsi olan nəzarət mexanizmi qurğusu Vergilər Nazirliyində qeydiyyata alınmalı, vergi ödəyicisinin şəxsi məlumatlarını əhatə edən sertifikatla (Vergilər Nazirliyi tərəfindən verilmiş) təmin olunmalı, yalnız bundan sonra e-kassalarda istifadə edilməlidir. Nəzarət mexanizmi qurğusu 3 il müddətinə hər bir e-kassaya fərdi qaydada quraşdırılır. Bu müddət ərzində həmin nəzarət mexanizmi qurğusunun yeni e-kassaya quraşdırıldırılmasına onda olan məlumatların Nazirliyə ötürülməsindən sonra yol verilir. Bununla yanaşı, nəzarət mexanizmi qurğusu Vergilər Nazirliyinin informasiya sistemləri bazası ilə bağlantı olmadığı təqdirdə 7 gün ərzində e-kassa vasitəsilə aparılan əməliyyatlar barədə məlumatların saxlanılmasını, həmçinin onların tamlığının və etibarlığının qorunmasını təmin edir. Qurğu, məlumatların kriptoqrafiya üsullarından istifadə etməklə formalaşdırılmasına, çeklərin sıra ardıcıllığının pozulmamasına və formalaşdırma tarixinə nəzarət edir.

E-kassa çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və e-kassa operatoru tərəfindən göndərilən PİN kodu istifadəçi daxil etdikdən sonra çap edilə bilər. Qurğu oflayn rejimdə qalması müddətini (7 gün) aşan tarixlə çekin formalaşdırması əməliyyatının aparılmasına icazə vermir.

E-kassadan istifadənin xüsusiyyətləri

E-kassa və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusu e-kassa istifadəçisi olan hüquqi şəxslərə və fərdi sahibkarlara e-kassa operatorları tərəfindən imzalanmış müqavilə əsasında təqdim olunur. E-kassa operatorunun təqdim etdiyi müvafiq təlimatlar əsasında istismar olunur. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə cavab verən e-kassa operatorları barədə məlumatı portalın “E-kassa operatorları və e-kassaların stoku” alt-bölməsindən əldə etmək olar.

E-kassa istifadəçiləri olan hüquqi şəxslər və fərdi sahibkarlar qeyd olunan qurğuların qorunmasını təmin etməlidir.

E-kassalara texniki baxış və onların təmiri, müvafiq müqavilə imzalanmaqla, e-kassa operatorları tərəfindən həyata keçirilir.

Hüquqi şəxslər və fərdi sahibkarlar e-kassaları Vergilər Nazirliyinin informasiya sistemləri bazasına müvafiq məlumatlar daxil olunduqdan sonra istifadə sahəsinə uyğun şəkildə istismar etməlidirlər.

E-kassaların istifadəsi aşağıdakı hallarda mümkün deyil:

  • e-kassa dövlət reyestrinə daxil edilmiş modelə nisbətdə dəyişdirildikdə;
  • unikal identifikatora malik çeki çap etmək mümkün olmadıqda;
  • e-kassa yararsız hala düşdükdə;
  • e-kassasının zavod və ya seriya nömrəsi dəyişdirildikdə;
  • e-kassasının zavod və ya seriya nömrəsi sertifikatda göstərilən nömrə ilə uyğun olmadıqda;
  • qanunvericilikdə nəzərdə tutulan müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Vergilər Nazirliyinə ötürülməsi mümkün olmadıqda;
  • nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatlar aparıldıqda;
  • nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə.

Bax:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *