E-kassa sisteminin iştirakçıları
E-kassa sisteminin iştirakçıları aşağıdakılardır:
-
Sahələrarası ekspert komissiyası
-
Vergilər Nazirliyi
-
E-kassa operatorları
-
E-kassa istifadəçiləri
Sahələrarası ekspert komissiyası
Sahələrarası ekspert komissiyası öz işini Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası haqqında” 1995-ci il 18 iyul tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun təşkil edir.
Vergilər Nazirliyi
Vergilər Nazirliyi aşağıdakı əsas vəzifələri həyata keçirir:
- Azərbaycan Respublikası ərazisində istismarına icazə verilmiş e-kassaların elektron uçotunu aparır;
- e-kassa operatorunun qeydiyyatını həyata keçirir;
- e-kassanın istismarı üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməsini yoxlayır;
- nəzarət mexanizmi qurğusundan məlumatlarların ötürülməsi ilə bağlı texniki parametrləri müəyyən edir. Həmin məlumatların fasiləsiz olaraq qəbulunu və emalını təşkil edir;
- həmçinin e-kassaların servis texniki xidmətinin keyfiyyəti barədə irad və təklifləri sahələrarası ekspert komissiyasına təqdim edir;
- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.
E-kassa operatorları
Elektron kassa operatorları aşağıdakı əsas vəzifələri həyata keçirir:
- e-kassa və nəzarət mexanizmi qurğusunun e-kassa istifadəçisinin təsərrüfat subyektində (obyektində) quraşdırılmasını, e-kassa istifadəçilərinə təqdim olunan e-kassaların dövlət reyestrinə daxil edilmiş modellə eyniliyini təmin edir;
- nəzarət mexanizmi qurğusuna texniki sertifikatın yazılmasını, texniki tələblər dəyişdikdə, xidmət göstərdiyi e-kassaların həmin texniki tələblərə uyğunlaşdırılmasını, həmçinin e-kassanın istismarı zamanı yaranmış problemlər və onların aradan qaldırılması barədə e-kassa istifadəçisinin məlumatlandırılmasını təmin edir;
- servis texniki xidmət filiallarına/məntəqələrinə malik olur. E-kassa istifadəçilərinə təqdim edilmiş e-kassalara servis texniki xidmətlər göstərir;
- nəzarət mexanzimi qurğusunu sazlayıb işə salır, tələb olunan hallarda dəyişdirir,
- həmçinin e-kassa uçotdan çıxarıldıqda nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Vergilər Nazirliyinə ötürülməsini təmin edir;
- xidmət göstərdiyi e-kassaların müəyyən olunmuş meyarlara və texniki tələblərə uyğunluğunu rübdə azı bir dəfə yoxlayır. Həmçinin e-kassa istifadəçiləri tərəfindən e-kassanın müəyyən olunmuş qaydada istismarını və işlək vəziyyətdə olmasını təmir edir;
- e-kassanın istismarı üçün e-kassa istifadəçisi tərəfindən lazımi şəraitin yaradılmasını yoxlayır;
- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.
E-kassa istifadəçiləri
E-kassa istifadəçiləri aşağıdakı əsas vəzifələri həyata keçirir:
- e-kassanın aktivləşdirilməsi üçün Vergilər Nazirliyinə müraciət edir;
- e-kassaların vergi orqanlarında uçota alınması və uçotdan çıxarılmasını, nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını, həmçinin müvafiq məlumatların Vergilər Naziliyinə ötürülməsi məqsədilə internet resurslarına çıxışı təmin edir;
- e-kassa ilə əlaqədar olan sənədlərin uçotunun aparılmasını, saxlanılmasını və məhvini təşkil edir. Həmçinin e-kassanın qaydalara uyğun olaraq istismarını təmin edir;
- e-kassaların istismarı zamanı nasazlıq ortaya çıxarsa, bu barədə vergi orqanlarına və e-kassa operatoruna dərhal məlumat verir. Bununla yanaşı vergi orqanları və e-kassa operatorunun səlahiyyətli nümayəndəsinin e-kassanın fəaliyyətinə baxış keçirilməsini təmin edir;
- pul hesablaşmaları aparılan zaman alcıya çek təqdim edir. Həmin çekdə qanunvericiliklə müəyyən olunmuş məlumatların əks olunmasını təmin edir;
- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.
Mənbə: e-kassa.gov.az