Dövlət Əmək Müfəttişliyi hansı sahələri yoxlaya bilər?

Dövlət Əmək Müfəttişliyi hansı sahələri yoxlaya bilər?Vergi Məcəlləsində vergi orqanının yoxlama zamanı konkret hansı sahələri yoxlaya bilməsi və yoxlama zamanı tələb edəcəyi sənədlər göstərilib. Bəs Dövlət Əmək Müfəttişliyi yoxlama zamanı hansı sahələri yoxlaya bilər və müəssisədən hansı sənədləri tələb edə bilər? Suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifə və hüquqları göstərilib. Həmin vəzifələr yoxlama zamanı hansı sahələrin yoxlana bilməsi sualının cavabıdır.

  • Öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək;
  • İşçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, onlardan istifadə olunmasına, eləcə də zərərli, ağır və yeraltı əmək şəraitində işləyənlərin müvafiq müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullarla pulsuz təmin olunmasına nəzarəti həyata keçirmək;
  • Əmək Məcəlləsinə uyğun olaraq əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının işəgötürənlər tərəfindən düzgün tətbiq edilməsinə və qanunvericiliyə müvafiq olaraq əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərə güzəştlərin və ödənclərin verilməsinə nəzarəti həyata keçirmək;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək, miqrantların hüquqlarının işəgötürənlər tərəfindən təmin edilməsinə nəzarəti həyata keçirmək;
  • Öz səlahiyyətləri daxilində istehsalatda baş verən bədbəxt hadisələrin istehsalatla bağlılığını araşdırmaq və uçotunu aparmaq;
  • Əmək və əməyin mühafizəsi sahəsində işəgötürənlərin işçilər və həmkarlar ittifaqları təşkilatları ilə qarşılıqlı əməkdaşlığına köməklik göstərmək;
  • İstehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və ya yenidən qurulması zamanı öz səlahiyyətləri daxilində digər nəzarət orqanları ilə birlikdə əməyin mühafizəsi tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək;
  • Öz səlahiyyətləri daxilində yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin istismara buraxılmasına razılığın verilməsi məsələsinə baxmaq;
  • Öz səlahiyyətləri daxilində yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasport vermək;
  • Müəssisələrdə əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən işi və ya istehsal vasitələrinin istismarını, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşanadək, qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırmaq;
  • Öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq;
  • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi barədə işəgötürənlərin müraciətlərinə baxmaq;
  • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərmək, zəruri hallarda seminarlar təşkil etmək;
  • Vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək;
  • Hər ilin yekununda kütləvi informasiya vasitələrində fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə Azərbaycan Respublikasında mövcud vəziyyət barədə məlumat dərc etdirmək, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Beynəlxalq Əmək Təşkilatına hesabatlar hazırlamaq;
  • Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az


Banner