Mühasiblərin və mütəxəssislərin sualla qarşılaşdıqları hallardan biri də dividend ödənişlərindən 10% verginin tutulub-tutulmaması ilə bağlıdır. Məsələyə sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.
Bəzi mütəxəssislərin qənaətinə görə, hüquqi şəxsin təşkilati hüquqi forması səhmdar cəmiyyətidirsə, avtomatik olaraq ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsini tədbiq etmək olar. Yəni səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividenddən 10% vergi tutulmamalıdır.
Vergi Məcəlləsinin 102.1.22-ci maddəsində isə göstərilir ki, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.
Buradan aydın olur ki, emitent tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividendlər 10% vergidən azaddır. Göründüyü kimi, burada, ümumiyyətlə, səhmdar cəmiyyəti anlayışı yoxdur.
Bələdiyyəyə hansı reyestr məlumatları təqdim oluna bilər?
Vergidən azad olmaq üçün aşağıdakılar olmalıdır:
1. Dividendi ödəyən emitent;
2. Dividend adi qaydada yox, investisiya qiymətli kağızları üzrə ödənilməlidir.
Bəs emitent kimdir? İnvestisiya qiymətli kağızları nədir?
“Qiymətli kağızlar bazarı haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. Deməli, emitent investisiya qiymətli kağızlarını emissiya edən hüquqi şəxsdir. Həmçinin, emitent təkcə ASC, QSC yox, MMC də ola bilər.
Mülki Məcəllənin 997.1-ci maddəsinə əsasən, qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Məcəllənin 997.2-ci madəsində isə göstərilib ki, istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır.
Göründüyü kimi, qiymətli kağızlar çoxdur, investisiya qiymətli kağızları isə iki növdür – istiqrazlar və səhmlər.
Səhmlər ancaq səhmdar cəmiyyətləri tərəfindən emissiya edilə bilər. Yəni səhmlər üzrə təşkilati hüquqi forma Mülki Məcəllə və digər normativ aktlara görə ancaq səhmdar səmiyyətlərində olur. İstiqrazları isə müvafiq qaydada istənilən təşkilati hüquqi formalı hüquqi şəxs buraxa bilər. Odur ki, Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsindəki əməliyyatlar təkcə səhmdar cəmiyyətlərinə aid deyildir.
Ancaq səhmdar cəmiyyəti kimi qeydiyyata alınmış şəxs emitent sayılmır və adi halda 102.1.22.-ci maddə ona tətbiq edilmir.
Səhmdar cəmiyyəti emitent kimi Mərkəzi Bankda qeydiyyata alınandan və müvafiq qaydada milli depozit mərkəzində reyestrə düşəndən sonra ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsi tətbiq edilə bilər.
Vergi, icbari sığorta haqqı və digər ödənişlərə görə məsuliyyətdən azadolma
Misal: “AA” QSC qeydiyyata alınmış 100 səhmə malik hüquqi şəxsdir və iki səhmdarı vardır. Səhmdarların hərəsinin payı 50%-dir. QSC emitent kimi 1 aprel 2022-ci ildə qeydiyyata düşüb və depozit mərkəzindən çıxarış alıb. QSC 2020-ci ilin yekunlarına görə 100.000 manat, 2021-ci ilin yekunlarına görə 200.000 manat xalis mənfəət əldə edib.
Səhmdarlar 1 mart 2022-ci ildə qərara alıblar ki, 2020 və 2021-ci ilin xalis mənfəətindən 80.000 manat, 30 aprel 2022-ci ildə isə qərara alıblar ki, 120.000 manat dividend ödəsinlər. Bu zaman vergilər necə hesablanacaq?
QSC emitent kimi 1 aprel 2022-ci ildə qeydiyyata alındığına görə bu tarixə kimi ödənilən bütün dividendlərdən 10% vergi tutulacaq.
80.000×10% = 8.000 manat (vergi məbləği)
80.000-8.000 = 72.000 manat
72.000:2 = 36.000 manat.
Deməli, QSC 1 aprel 2022-ci ilə qədər hər səhmdara 36.000 manat dividend ödəyəcək.
30 aprel 2022-ci ildə ödənilən 120.000 manat dividenddən isə 10% vergi tutulmayacaq və hər bir səhmdara 60.000 manat dividend ödəniləcək:
120.000:2 = 60.000 manat.
Mənbə: vergiler.az