Cari vergi ödəmələri ilə bağlı mühasibləri ən çox maraqlandıran məsələlər

2021-ci il üçün Əmək Haqqı Cədvəli, Məzuniyyət, Qeyri-maddi aktivlər, Amortizasiya ayırmaları, İşsizlikdən sığorta, əmək haqqı məbləği, torpaq vergisi,Bir çox gənc mühasiblər bəzən qanunverciliyin tələbləri ilə bağlı işlərində vergi sahəsinə aid müəyyən çətinliklərlə rastlaşırlar. Bunlardan biri də Vergi Məcəlləsinin 151-ci maddəsi ilə tənzimlənən cari vergi ödəmələri ilə bağlıdır.

Cari vergi ödəmələri ilə bağlı mühasibləri ən çox maraqlandıran məsələləri əhatə edən qısa sual-cavab tipli araşdırmanı mühasibat üzrə mütəxəssis İlqar Əsədov hazırlayıb ki, düşünürük bir çoxumuza faydalı olacaq.

Sual: Cari arayış nədir, kimlər tərəfindən və nə zamana kimi təqdim edilməlidir?

Cavab: Cari vergi ödəmələrinin hesablanması haqqında arayış gəlir və mənfəət vergi ödəyiciləri tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın 15-dək təqdim edilir və vergi ödəyicinin hesabat ili üçün (fəaliyyətini dayandırdığı təqdirdə dayandırdığı dövrə qədər) təqdim edəcəyi mənfəət bəyannaməsi üzrə hesablanacaq verginin bir növ qabaqcadan hissə-hissə ödənilməsi üçündür. Cari vergi ödəmələrinin hesablanması haqqında arayış həm hüquqi, həm də vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən təqdim edilir.

Sual: Cari arayışı hansı formada təqdim edə bilərəm?

Banner

Cavab: Elektron kabineti olan vergi ödəyiciləri cari vergi ödəmələrinin hesablanması haqqında arayış formasını online kargüzarlıq bölməsindən yeni müraciət yaradaraq “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış” seçərək online şəkildə dolduraraq təqdim edə bilərlər. Elektron kabineti olmayan vergi ödəyiciləri bu məlumatı müəyyən edilmiş müddət ərzində kağız daşıyıcıda əlbəəl formada vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla təqdim edə bilərlər.

Sual: Müəssisəmizin asan imza sertifikatının vaxtı bitib. Cari vergi arayışlarının bitməsinə isə az qalıb. Nə edə bilərik ?

Cavab: Cari vergi arayışlarının elektron qaydada təqdim edilməsi üçün gücləndirilmiş asan imzanın olması tələbi yoxdur. Elektron kabineti olan şəxslər “istifadəçi kodu, parol, şifrə” ilə də daxil olaraq cari vergi ödəmələrinin hesablanması haqqında arayışı təqdim edə bilərlər.

Sual: Cari arayışın təqdim edilməsi metodu kimi 151.1 seçirəmsə bunu vergi orqanına bildirməliyəmmi?

Cavab: Cari vergi ödəmələrinin hesablanması haqqında arayışın formasında 151.1 ilə seçmək nəzərdə tutulmamışdır. Müəssisə 151.1 metodunu seçməyi düşünürsə heç bir arayış və məlumat verməsə bu metodu seçmiş hesab ediləcək.

Sual: Müəssisə cari ildə hesablama metodu ilə çalışırsa 151.2 metodunu seçə bilərmi?

Cavab: Müəssisənin gəlir və xərclərinin kassa və ya hesablama metodundan olmasından asılı olmayaraq cari vergilərin hesablanmasının mövcud 3 metodundan hər biri seçilə bilər.

Sual: Sadələşdirilmiş vergi ödəyicisi cari arayış təqdim etməlidirmi?

Cavab: Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən (o cümlədən sabit sadələşdirilmiş vergi ödəyiciləri) cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilməsi nəzərdə tutulmamışdır.

Sual: Cari arayışı təqdim etməməyə görə cərimə varmı?

Cavab: Cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim etməyəyə görə qanunvericiliklə hər hansısa cərimə və ya maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Sual: Cari arayışı təqdim etməsəm nə olar?

Cavab: Cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim etmədiyiniz halda, müəssisəniz keçən il gəlir (mənfəət) vergi ödəyicisi olmuşdusa vergi orqanları sizin üçün öz təşəbbüsləri ilə 151.1 metodu ilə cari vergiləri hesablayacaq. Əgər müəssisəniz bu il yeni yaranmışdırsa və ya keçən il gəlir (mənfəət) vergi ödəyicisi olmamışdırsa vergi orqanları Vergi Məcəlləsinin 151.5.8-ci maddəyə uyğun olaraq əlaqədar məlumatlarla sizə 151.5 ilə cari vergi məbləğini hesablayacaqlar.

Sual: Müəssisəmiz bu il yaranmışdır, cari arayışı hansı metodla seçməliyəm?

Cavab: Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə uyğun olaraq əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələrini təqvim ili ərzində rüblər üzrə artan yekunla vergi məcəlləsi ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablamalıdırlar. Belə vergi ödəyiciləri arayışda 151.5-ci metodu seçməlidirlər. Arayış üzrə cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.

Sual: Müəssisəmiz keçən il sadələşdirilmiş vergi ödəyicisi olub, bu ilin əvvəli isə mənfəət vergi ödəyicisi olmuşuq. Cari arayışı hansı metodla təqdim etməliyik?

Cavab: Vergi Məcəlləsinin 151.5.7-ci maddəsinə uyğun olaraq  sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləğini təqvim ili ərzində rüblər üzrə artan yekunla vergi məcəlləsi ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablamalıdırlar. Belə vergi ödəyiciləri arayışda 151.5-ci metodu seçməlidirlər.

Sual: Cari arayış şəxsi hesab vərəqəmizə hələ də işlənməyib, nə etməli?

Cavab: Əgər cari vergilər şəxsi hesab vərəqənizə ağlabatan müddətdən artıq işlənməmişdirsə (məsələn 1 ay) o zaman vergi orqanlarına məktubla müraciət etməyi tövsiyə edirik.

Sual: Cari arayışlar şəxsi hesab vərəqəyə işlənib amma hələ ödəməmişik. Cərimə ola bilərmi?

Cavab: Təqdim etdiyiniz (etməli olduğunuz) ayın 15-dən sonrakı hər ötmüş gün üçün Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğə 0.1% əlavə faizlər hesablanacaqdır.

Sual: Cari arayışı ödəməsəm bankıma sərəncam qoyula bilərmi?

Cavab: Bəli, vergi ödəyicisi vergi ödəmələrini, o cümlədən cari vergi ödəmələrini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətə qədər ödəməzsə, onun bank hesablarına və digər kredit təşkilatlarındakı hesablarına sərəncam yönəldilə bilər.

Sual: Cari vergi ödəməsi ƏDV depozit hesabımdan vergi tərəfindən silinə bilərmi?

Cavab: Xeyr. Vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV ilə bağlı dövlət büdcəsinə olan borcları silinə bilər.

Sual: Cari vergi ödəməsini ƏDV depozit hesabımdan ödəyə bilərəmmi, yoxsa ancaq bankdan ödəməliyəm?

Cavab: Vergi ödəyiciləri cari vergi ödəmələrini də digər vergiləri kimi hər iki variant ilə ödəyə bilərlər.

Sual: Cari vergi ödəməsini etmək istəyirəm büdcə səviyyəsinin təsnifat kodu kimi neçə seçməliyəm ?

Cavab: Cari vergi ödəmələri mənfəət (gəlir) vergisinə aid edildiyindən ödəmə edərkən müvafiq vergi növləri üzrə uyğun təsnifat kodlarını seçməlisiniz.

Sual: Mən fərdi sahibkaram. İndi il ərzində cari vergi ödəmələrindən başqa bir də ilin sonunda ayrıca gəlir  vergisi ödəməliyəm??

Cavab: Cari vergi ödəmələri vergi ödəyicisinin həmin hesabat ili üçün ödəyəcəyi vergilərə aid edilmişdir. Hesabat ilinin sonunda hesablanmış vergi çox olarsa vergi ödəyicisi tərəfindən yalnız aradakı fərq ödəniləcəkdir, cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda isə artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılacaqdır. Həmçinin onu da qeyd edək ki, cari vergi ödəmələri vergi ödəyicilərinin özləri üçün də ilin sonunda bütöv ilin mənfəət vergisini ödəyib maliyyə sıxıntısı yaşamaması üçün əlverişlidir.

Sual: Cari vergi arayışını səhv təqdim etdim, dəqiqləşdirilmiş verə bilərəmmi?

Cavab: Cari vergilərin hesablanması haqqında arayışı səhv təqdim etdiyinizi hesab edirsinizsə təqdim etməli olduğunuz ayın 15-nə kimi dəqiqləşdirilmiş arayışı təqdim edə bilərsiniz.

Sual: Müəssisəmizin fəaliyyəti dayandırılmışdır. Cari vergi arayışı təqdim etməliyikmi ?

Cavab : Fəaliyyətlərini dayandırmış vergi ödəyiciləri üçün sözügedən arayışı təqdim etmək nəzərdə tutulmamışdır.

Sual: Cari vergi arayışını təqdim etmək istəyirəm lakin, arayışda qeyd edilmiş verginin xüsusi çəkisinin nə olduğunu bilmirəm. Verginin xüsusi çəkisi nədir ?

Cavab: Cari vergilərin hesablanması haqqında arayış 151.2 metodu ilə təqdim edildiyi təqdirdə vergi ödəyicisi vergini, arayışı hansı rüb üçün təqdim edirsə həmin rüb ərzində əldə etdiyi gəlir məbləğini, (gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər çıxılmadan) ötən il üzrə hesablanmış mənfəət (gəlir) vergisi məbləğinin ötən ilin ümumi gəlirdəki xüsusi çəkisinə vurmaqla müəyyən edir. Bu keçən ilin mənfəət (gəlir) vergisinin həmin ildə xərclər çıxılmadan əldə edilən gəlirə bölünməsi nəticəsində alınmış ədədin faizlə ifadəsidir :  (Keçən ilin vergisi / Keçən il əldə edilmiş ümumi gəlirlər)*100%

Sual: Müəssisəmiz keçən il pandemiyadan zərər çəkən sahə olduğuna görə mənfəət vergisi güzəştlə hesablanmışdı. Bu il cari vergi arayışını təqdim edərkən keçən ilin mənfəət vergisi üçün güzəştli məbləğimi seçməliyəm yoxsa güzəştsiz ?

Cavab: Cari vergi ödəmələrinin hesablanması haqqında arayış elektron formada təqdim edildiyi halda keçən ilin mənfəət vergisinin qeyd edildiyi sətri AVİS sistemi özü avtomatik doldurur. Elektron kabineti olmayan, habelə bu və ya digər səbəblərdən cari vergi ödəmələrinin hesablanması haqqında arayışı kağız daşıyıcıda əlbəəl təqdim edən vergi ödəyiciləri sözügedən arayışda keçən ilin mənfəət vergisi sətrində güzəştsiz məbləği daxil etməlidir.

Sual: Bu gün öyrəndim ki, ayın 15-inə kimi cari vergi arayışı təqdim etməliyəm. Ayın 14-ü tarixi son tarixdirmi ya 15-i göndərsəm sistem qəbul edəcək ?

Cavab: Cari vergi ödəmələrinin hesablanması haqqında arayışların son təqdim edilmə tarixi rüb bitdikdən sonra növbəti ayın 15-idir. Vergi Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq sözügedən arayışı əlbəəl formada təqdim etdiyiniz halda vergi orqanlarının iş vaxtı nəzərə alınmaqla ayın 15-i də daxil olmaqla, elektron formada təqdim etdiyiniz halda isə ayın 15-i saat 24:00-a qədər təqdim edə bilərsiniz.

Sual: Cari vergi ödəmələri ilə bağlı keçən il pandemiyaya görə güzəşt oldu. Bizim müəssisə də ödəmədi. Pandemiya hələ də davam edir. Cari vergiləri bu il də ödəməyəcəyik ?

Cavab: Sözügedən güzəşt məbləği 01.01.2020-31.12.2020-ci il tarixinədək olan dövr üçün keçərli idi. 01.01.2021 tarixindən etibarən vergi ödəyiciləri üçün belə güzəşt aradan qalxmışdır və hazırki tarixə bununla bağlı hər hansısa azadolma və güzəşt mövcud deyildir.

Sual: Biz qeyri-rezident şirkətik və Azərbaycanda daimi nümayəndəliyimiz var. Cari vergi arayışını biz dəmi təqdim etməliyik ?

Cavab : Azərbaycanda daimi nümyəndəliyi olan qeyri-rezident şirkətlər də digər rezident müəsisələr kimi cari vergilərin hesablanması haqqında arayışı vergi məcəlləsi ilə müyyən edilmiş qaydada və formada təqdim etməlidirlər.

Sonda cari vergi ödəmələrinin hər bir hesablanma metodu üzrə nümunələr təqdim edirik :

(151.2)

Mikro sahibkarlıq subyektinə aid olan “A” MMC-nin 2020-ci ilin 2-ci rübündə gəlirinin(xərclər çıxılmadan) məbləği 33500 manat, 2020-ci ildə mənfəət vergisinin ümumi gəlirdə xüsusi çəkisi isə 11.5 % olmuşdur. Bu halda 2021-ci ilin 2-ci rübü üzrə cari vergi ödəməsinin həcmi (33500*11.5%*25%)=963.13 manat təşkil edəcəkdir.

(151.5)

2021-ci ilin fevral ayında dövlət qeydiyyatından keçmiş və mikro sahibkarlıq subyektinə aid olan mənfəət vergisi ödəyicisi “B” MMC-nin gəlirindən gəlirin əldə edilməsi ilə bağlı xərclərini çıxdıqdan sonra vergiyə cəlb olunan gəlirinin məbləği 2021-ci ilin 3-cü rübündə 9800 manat, 2-ci rübündə 13650 manat və 3-cü rübdə 12430 manat olmuşdur. Beləliklə, 2021-ci ilin 3-cü rübü üzrə “B” MMC-nin bu dövrə görə hesabat ili ərzində rüblər üzrə artan yekunla gəlirindən gəlirin əldə edilməsi ilə bağlı xərclərini çıxdıqdan sonra vergiyə cəlb edilən gəlirinin həcmi 35880 manat (9800 + 13650 + 12430 = 35880) təşkil edir. Bu halda cari vergi ödəməsinin məbləği 5382 manatdan az olmamaqla hesablanır (35880*20%*75% = 5382) . Hesablanmış cari vergi ödəməsinin məbləğinə 75% vergi güzəşti hüququ verilir və cari vergi ödəməsinin məbləği 1345.5 manat (5382*25% = 1345.5) təşkil edir.

Müəllif: İlqar Əsədov


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun