Borcun tələb edilməsinin bilinməyən, lakin faydalı üsulu – icra qeydi

icra qeydi, Borcun tələb edilməsi,Mövcud qanunvericiliyə əsasən bir şəxsin digər şəxsə verdiyi borcun ödənilməməsi ilə əlaqədar məhkəməyə müraciət edilərkən 1000 manatadək məbləğdə iddia tələbləri üzrə 30 manat məbləğində, bu məhkəməyə müraciət edilmədən həyata keçirildikdə isə notariusun icra qeydi ilə aparılarsa, 25 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd edək ki, məhkəməyə müraciət üzrə iddia tələbinin məbləği daha çox olduqda, dövlət rüsumunun məbləği 1290 manatdan da çox ola bilir. İcra qeydi üzrə isə bu rüsum sabit həcmdə müəyyən edilmişdir.

İcra qeydi kimlər tərəfindən aparılır?

Ölkə ərazisində dövlət və ya xüsusi notarius vasitəsilə, ölkə xaricində isə Azərbaycan Respublikası konsulluqlarında (10 USD dövlət rüsumu ödəməklə) müvafiq icra qeydləri əsasında borcludan tələb edilən məbləğ geri alına bilər.

Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Bu icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda tətbiq edilir. Notariusa yazılı və ya elektron imza ilə bu barədə müraciət etmək mümkündür. Nəzərə almaq lazımdır ki, icra qeydi məhkəmə qətnaməsinə bərabər hüquqi statusa malik olmaqla, yenidən məhkəmə qərarı tələb edilmədən icra məmurları tərəfindən borcun tələb edilməsinə əsas verən icra sənədi hesab edilir. Onu da qeyd edək ki, məhkəmə qətnaməsi 1 ay ərzində icraya yönəldiyi halda, icra qeydi dərhal icra məmuru tərəfindən icraya götürülür.

Tələbkar şəxs notariusa (konsulluğa) müraciət etdiyi vaxtdan 1 iş günü müddətində müraciət üzrə icra qeydi aparılır və elektron qaydada icra məmurlarının sisteminə icra sənədini göndərir. Halbuki məhkəməyə müraciət zamanı prosedur müddətlər daha çox vaxt tələb edir.

Banner

İcra qeydinin aparılması üçün şəxs notariusa pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdin əslini təqdim etməlidir. Həmçinin qeyd edək ki, icra qeydləri digər hallar üzrə də aparıla bilər. Həmin hallara aiddir:

  • Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması;
  • İşçilər əmək münasibətlərini pozduqda, onların müəssisəyə, idarəyə və təşkilata ödəmədikləri borcun alınması;
  • Nisyə alınmış mallar üçün borcun və müamilənin alınması;
  • Yüklərin daşınmasından əmələ gələn borcun və müəyyən edilmiş müddət ərzində dispaşa üzrə çatası məbləğlərin alınması;
  • Taranı vaxtında qaytarmamağa görə cərimənin alınması;
  • Yaşayış və qeyri-yaşayış sahələrindən kirayə müqavilələri üzrə, habelə kommunal xidmətləri üçün borcun alınması;
  • Müəlliflik hüququ ilə əlaqədar münasibətlərdən əmələ gələn borcun alınması;
  • Uşaqları uşaq tərbiyə müəssisələrində saxlamağa görə valideynlərdən borcun alınması və digər hallar.

Bu hallarla bağlı sənədlərin siyahısı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi icra qeydləri əsasında aparılan tələblərin icrası və tələb edilməsi qaydası daha sərfəlidir.

“Notariat haqqında” Qanun

“Dövlət rüsumu haqqında” Qanun

“İcra haqqında” Qanun

“Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı.


İnzibati cərimənin əməkhaqqıdan tutulması