Borc vəsaitlərinin alınması və qaytarılması

Sabit sadələşdirilmiş vergi,Son illərdə vergi ödəyiciləri tərəfindən borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları çox aktual məsələyə çevrilib. Əlbəttəi, belə əməliyyatların baş verməsində heç bir qanun pozuntusu yoxdur. Təsərrüfat subyektinin fəaliyyətinin formalaşdırılması və yaxud da hər hansı bir əməliyyatın reallaşdırılması üçün təcili maliyyə vəsaitinə ehtiyacın olması və bu ehtiyacın təcili formada təsisçi tərəfindən reallaşdırılması kimi əməliyyatlar təcrübədə çox baş verir. Belə əməliyyatların rəsmiləşdirilməsində yaranan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib:

Borc vəsaitlərini kimlərdən əldə etmək olar və borc müqavilələri necə rəsmiləşdirilməlidir?

Borc vəsaitləri həm fiziki, həm də hüquqi şəxslərdən alına bilər. Borc müqavilələri isə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmalıdır. Yaxşı olar ki, borc müqavilələri notarial qaydada təsdiqlənsin ki, gələcəkdə mübahisələr yaranmasın.

Borc əməliyyatlarında məbləğlərdə hər hansı bir limit varmı və məbləğlər hansı formada rəsmiləşdirilməlidir?

Qanunvericilikdə borc əməliyyatlarında məbləğlə bağlı bir məhdudiyyətlər qoyulmamışdır. Məbləğlərin rəsmiləşdirilməsi məsələləri isə “Nağdsız hesablaşmalar haqqında” Qanun ilə tənzimlənir və Qanunun 3.4.6.-cı maddəsinə əsasən, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması nağdsız formada həyata keçirilməlidir. Deməli, borc məbləğləri nağd və nağdsız formada limitsiz qəbul etmək olar. Amma borc məbləğləri ancaq nağdsız formada qaytarılmalıdır. Lakin borcu verən fiziki şəxs olduqda, nağd formada da qaytarmaq olar.

Misal: “AA” MMC-nin iki təsisçisi vardır. Təsiçilərdən biri fiziki, biri də hüquqi şəxsdir. Təsisçilər qərara alırlar ki, hər biri 50.000,00 manat məbləğində vəsaiti “AA” MMC-yə borc kimi versinlər. Fiziki şəxs borcu birbaşa “AA” MMC-nin bank hesabına, amma hüquqi şəxs isə kassasına ödəmişdir.

Banner

Belə rəsmiləşdirmə düzgündürmü?

Yuxarıda bildirdiyim kimi, qanunvericilikdə misal olan qaydada borc vəsaitlərinin qəbul edilməsinə məhdudiyyət yoxdur, ona görə də düzgündür. Borc qaytarılanda “AA” MMC hüquqi şəxsin borcunu nağd formada qaytarmaq istəyir. Bu formada ödəniş “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.6 -cı maddəsinə görə qadağandır.

Həmçinin fiziki şəxs olan təsisçiyə borcu nağd formada qaytarmaq istəyir. Belə bir rəsmiləşdirməyə məhdudiyyət qoyulmamışdır, amma burada müəyyən limitlər vardır.

Nəzərə alaq ki, “AA” MMC ƏDV ödəyicisi deyildir və mikro sahibkar kimi sadələşdirilmiş vergi ödəyicisidir. Belə olan halda “AA” MMC-yə nağd geri qaytarılma əməliyyatlarına 15.000,00 manat limit qoyulmuşdur. Ona görə cəmiyyət bir dəfəyə 50.000,00 manatı nağd qaytara bilməyəcəkdir. Ən azı 4 ay müddətində bu əməliyyatı həyata keçirməlidir. Bu səbəbdən, yaxşı olardı ki, fiziki şəxs təsisçi bank hesabı açsın və bir əməliyyat çərçivəsində 50.000,00 manatı onun bank hesabına qaytarsın.

Göründüyü kimi, borc məbləğlərin nağd əldə edilməsində limit qoyulmamışdır. Amma belə rəsmiləşdirilmələr zamanı borcu verən hüquqi şəxslərin də özlərinin belə bir limitləri vardır.

Bizim misalımızda hüquqi şəxs nağd formada 50.000,00 manatı birbaşa kassaya ödəmişdir. Amma “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə görə, hüquqi şəxslərin statusuna görə 15.000,00 manat və ya 30.000,00 manat limitlər qoyulmuşdur. Odur ki, təsisçi hüquqi şəxs nağd formada ancaq bu limitlər çərçivəsində kassaya ödəniş edə bilər. Əks halda, ona Vergi Məcəlləsinin tələblərinə görə maliyyə sanksiyaları tərtib ediləcəkdir. Baxmayaraq ki, nağd alana belə əməliyyatlarda maliyyə sanksiyası verilmir, amma ödəyənə tədbiq edilir. Ona görə də tövsiyyə edərdim ki, borc müqavilələrinin rəsmiləşdirilməsində borc alınanda da, geri qaytarılanda da əməliyyatlar nağdsız formada həyata keçirilsin.


Mənbə: vergiler.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun