Koronavirus (COVID-19) pandemiyası ilə bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi çərçivəsində bir sıra strukturların fəaliyyəti sosial təcridetmə tələblərinə uyğunlaşdırılıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Vergilər Nazirliyi tərəfindən hələ ötən ay Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədilə onların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bütün bunlar isə, təbii ki, Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə müraciətlərin sayının kəskin şəkildə artmasına səbəb olub. Son 3 həftə ərzində Mərkəzə daxil olan zənglərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artaraq 73.555-ə çatıb. Bu müddət ərzində itirilmiş zənglər və zəng sifarişləri üzrə edilən əks əlaqələr də daxil olmaqla, ümumilikdə 35.663 zəng təmsilçilər tərəfindən cavablandırılıb.
Daha çox vahid bəyannamə tətbiqi, onların doldurulma və göndərilmə qaydaları (daxil olan sualların ümumi sayında xüsusi çəkisi – 14%), “Asan imza” sertifikatının yeni formadan əldə edilməsi (13%) barədə sualların sayı artıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən maliyyə dəstəyi ilə bağlı da müraciətlərin sayında ciddi artım qeydə alınıb.
Vergilər Nazirliyinin Çağrı Mərkəzinin bütün əməkdaşlarının tam tərkibdə və daha gərgin rejimdə fəaliyyəti göstərmələrinə, zəngləri qəbul etmək üçün mövcud 180 kanalının imkanlarından tam şəkildə istifadə olunmasına, sualların cavablandırılmasına əlavə işçi qüvvəsinin cəlb edilməsinə baxmayaraq, vergi ödəyicilərindən iş yükünün həddindən çox artmasını nəzərə alaraq, nazirliyin rəsmi internet səhifəsinə müraciət etmək, orada yerləşdirilmiş qaydalar və təlimatlarla tanış olmaq tövsiyə olunur.
Mənbə: vergiler.az
Bax:
-
Karantin dövründə Vergi ödəyicisi VÖEN-ni ləğv etmək üçün nə etməlidir?
-
Elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş istifadəçi kodu, parol və şifrə unudulduqda, yenisi necə əldə edilə bilər?