İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Resbublikasının Qanunu ilə tənzimlənir. Mövzunu təhlil edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, Qanunun 3.1-ci maddəsinə əsasən, əmək fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər sığorta olunmalıdır:
1. Əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilə bağlamaqla işçi işə cəlb edən fiziki və hüquqi şəxslər;
2. İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
3. Müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
4. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
5. Məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
6. Təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər.
Sığorta olunmuş şəxslərə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən bədbəxt hadisə nəticəsində ortaya çıxan aşağıdakı hallarla əlaqədar sığorta təminatı verilir:
- Ölüm;
- Əmək qabiliyyətinin daimi tam itirilməsi;
- Əmək qabiliyyətinin daimi qismən itirilməsi;
- Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi;
- Əmək qabiliyyətinin müvəqqəti qismən itirilməsi.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta haqqı xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əməkhaqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir.
Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri 2 faizdən artıq olmamaq şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur. Növbəti təqvim ili üçün sığorta tarifləri cari ilin dekabr ayının 1-dək müəyyən olunmalıdır. Peşə risklərinin dərəcələrini daha aydın şəkildə görmək üçün aşağıdakı cədvələ nəzər yetirək.
İstehsalatda bədbəxt hadisələrə qarşı sığorta olunanların kateqoriyaları üzrə peşə risklərinin dərəcəsinə uyğun tariflər (faizlər):
Peşə riskinin dərəcəsi | Sığorta olunanların kateqoriyaları üzrə sığorta tarifi (faizlə) | |
qulluqçular | fəhlələr | |
1 | 0,2 | 0,4 |
2 | 0,2 | 0,5 |
3 | 0,2 | 0,6 |
4 | 0,2 | 0,8 |
5 | 0,2 | 0,9 |
6 | 0,3 | 1,0 |
7 | 0,3 | 1,2 |
8 | 0,3 | 1,4 |
9 | 0,4 | 1,5 |
10 | 0,4 | 1,6 |
11 | 0,4 | 1,7 |
12 | 0,5 | 1,8 |
13 | 0,5 | 1,9 |
14 | 0,5 | 2,0 |
Qeyd edək ki, müəssisələrin fəaliyyət növləri üzrə peşə riskinin dərəcələri “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında aydın şəkildə öz əksini tapır. Həmin qərarda verilmiş iqtisadi fəaliyyət növlərindən bəzilərini müvafiq peşə risklərinin dərəcləri ilə birlikdə aşağıdakı cədvəldə görə bilərik.
Risk dərəcələri üzrə bəzi fəaliyyət növləri:
İqtisadi fəaliyyət növü | Peşə riskinin dərəcəsi |
– Proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət;
– Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa); – Hüquq və mühasibat uçotu sahəsində fəaliyyət; – İctimai birliklərin (təşkilatların) fəaliyyəti. |
I dərəcə |
– Avtomobillərin satışı;
– Daşınmaz əmlakla əlaqədar əməliyyatlar; – Kirayə və lizinq fəaliyyəti; – Təhsil, səhiyyə sahəsində fəaliyyət; – Poçt və kuryer fəaliyyəti, sair fərdi xidmətlərin göstərilməsi və s. |
II dərəcə |
– Geyim istehsalı;
– Nəşriyyat fəaliyyəti; – Baytarlıq fəaliyyəti; |
III dərəcə |
– Heyvandarlıq;
– Süd məhsullarının istehsalı; – Kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi və s. |
IV dərəcə |
– Un və un məmulatlarının istehsalı;
– Ət məhsullarının istehsalı (emalı); – İdman sahəsində fəaliyyət və s. |
V dərəcə |
– Kompüter, elektron və optik məhsulların istehsalı;
– Anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti; – Kompüterlərin, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri və s. |
VI dərəcə |
– Meyvə və tərəvəzlərin emalı və konservləşdirilməsi;
– Şüşə və şüşədən məmulatların istehsalı; – Metalların emalı və metallara örtük çəkilməsi, maşınqayırmanın əsas texnoloji prosesləri və s. |
VII dərəcə |
– Rabitə; – Hava nəqliyyatının fəaliyyəti;
– Dəmir yolu vasitəsilə yük daşınması; – Su nəqliyyatının fəaliyyəti və s. |
VIII dərəcə |
– Mebellərin istehsalı;
– Yük avtomobil nəqliyyatlarının fəaliyyəti; – Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı; hopdurma və hörmə materialların istehsalı və s. |
IX dərəcə |
– Məişət cihazlarının istehsalı;
– Elektrik naqillərinin və elektrik şəbəkələri üçün cihazların istehsalı; – Sair kimyəvi məhsulların istehsalı və s. |
X dərəcə |
– Sair hazır metal məmulatlarının istehsalı;
– Balıq, xərçəngkimilər və molyuskaların emalı və konservləşdirilməsi və s. |
XI dərəcə |
– Balıqçılıq;
– Avtomobil, qoşqu və yarımqoşquların istehsalı və s. |
XII dərəcə |
– Əlvan metalların istehsalı;
– Sement, əhəng və gips istehsalı; – Koks və təmizlənmiş neft məhsullarının istehsalı və s. |
XIII dərəcə |
– Bina tikintisi;
– Xam neft və təbii qaz hasilatı; – Metal filizlərinin hasilatı; – Mədənçıxarma sənayesinin digər sahələri və s. |
XIV dərəcə |
Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri aşağıdakı kimi müəyyən edilir:
1. Qulluqçular üçün – 0,2-0,5% arasında;
2. Fəhlələr üçün – 0,4-2,0% arasında.
Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilməlidir. Sığorta hadisəsi baş verdiyi təqdirdə zərər çəkmiş şəxsə sığorta ödənişləri sığortalının itirdiyi bədən üzvlərinin həyati əhəmiyyətinə və əmək qabiliyyətinə təsirlərinə görə sığorta məbləğindən faizlə hesablanır. Sığorta ödənişləri sığorta olunmuş şəxslərə birdəfəlik və ya müntəzəm olaraq ödənilə bilər.
Misal: Tutaq ki, “ABC” tikinti müəssisəsi sentyabr ayında fəaliyyətə başlayaraq 01 sentyabr tarixində 3 nəfərlə əmək müqaviləsi bağlayıb. İşçilərin aylıq əməkhaqqısı aşağıdakı kimidir:
Direktor – 900 manat;
Mühasib – 500 manat;
Fəhlə – 400 manat.
Müəssisə sığorta şirkəti ilə müqavilə bağlayaraq işçilərini bədbəxt hadisələrə qarşı sığortalayıb.
Bədbəxt hadisələrə (BH) qarşı sığorta haqqının hesablanması tələb olunur.
Direktor üçün BH-ə qarşı Sığorta haqqı:
900 x 12 x 0,5% = 54 manat.
Mühasib üçün BH-ə qarşı Sığorta haqqı:
500 x 12 x 0,5% = 30 manat.
Fəhlə üçün BH-ə qarşı Sığorta haqqı:
400 x 12 x 2% = 96 manat.
Mənbə: vergiler.az
Bax: