Sual: Fərdi sahibkar xaricdən nəqliyyat vasitəsi idxal edərək daxildə vətəndaşlara satışını həyata keçirmək istəyir. Nəqliyyat vasitəsini vətəndaşa satarkən kassa mədaxil orderindən istifadə edə bilərmi? Vergi ödəyicisi olmayan vətəndaşlara satdığından NKA yəni kassa aparatı ilə fəaliyyət göstərməlidir yoxsa kassa aparatı olmadan kassa mədaxil orderi ilə fəaliyyət göstərə bilər? Əgər kassa mədaxil orderi ilə satışa icazə verilirsə hansı fəaliyyət kodunu seçməlidir ki, vergilər kassa aparatı quraşdırılmasını tələb etməsinlər? Nəqliyyat vasitəsinin və yük maşınlarının idxalı və vətəndaşlara satışı ilə məşğul olarkən könüllü olaraq ƏDV ödəyicisi olmadan mikro sahibkar olan gəlir vergisi ödəyicisi ola bilərəmmi?
Cavab: Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Qeyd olunanlara əsasən, avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Eyni zamanda bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 155-ci və 220-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Başqa işə keçirilmənin sənədləşdirilməsi
ƏDV-dən azad əməliyyatlar hansılardır?
Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?
Əsas vəsaitlərin alışı zamanı nələrə diqqət yetirilməlidir?
Hansı mallara görə ödəmə mənbəyində vergi hesablanır?
Əmlak vergisi ödəyicisi olan hüquqi şəxslərin cari vergi ödəmələri barədə