Azərbaycanda 1C proqramı qadağan edilə bilərmi?

birbank biznes

Azərbaycanda 1C proqramıRusiya-Ukrayna müharibəsi səbəbilə Rusiya məhsullarına qoyulan qadağa bir qədər əvvəl internet məkanına və onlayn məhsullara da yayılmağa başlayıb.

Bir neçə gün əvvəl «Apple» şirkəti Rusiyanın «Vkontakte» şəbəkəsi ilə bağlı bəzi məhsulları «Appstore»dən çıxarıb.

«Vkontakte» Azərbaycanda aktiv istifadə olunmasa da, Rusiya istehsalı olan bəzi onlayn məhsullar ölkəmizdə, xüsusilə mühasibatlıq kimi ciddi sahələrdə istifadə edilir. Onlardan biri də 1C mühasibatlıq proqramıdır.

Məlum məsələdir ki, son günlər Rusiyaya qarşı sanksiyalar müxtəlif istiqamətlər üzrə tətbiq edilir. Bunların içərisində internet proqramları da ayrıca yer tutur. Rusiya domenli elektron poçt istifadəçilərində olduğu kimi, mühasibatlıq proqramının istifadəçiləri də müəyyən risklərlə üz-üzə qalırlar. Rusiya istehsalı olan 1C proqramı mühasibatlıq sistemində xüsusi yer tutur.

Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib ki, «1C» proqramı Azərbaycan mühasibatlıq sistemində ən çox işlənən mühasibatlıq proqramlarından biridir: «Düşünürəm ki, Rusiyanın internetində problemlər yaransa və 1C-nin lisenziyaları, proqrama aid digər məsələlər Cloud üzərində olduğundan burada da problemlər qaçılmaz olacaq. Bu baxımdan monitorinqin aparılması və bizim 1C istifadəçilərinin tədricən milli proqramlara keçməsi doğru olardı».

Ekspertin fikrincə, bununla bağlı dövlət qurumları, o cümlədən, Maliyyə Nazirliyi, sahibkarlıq qurumları şirkətləri məlumatlandırmalı və tapşırıqlar verməlidirlər: «Nəzərə almaq lazımdır ki, həmin proqramın üzərində böyük datalar və hesablamalar var. Sabah təbii ki, müəyyən problemlər ola bilər».

Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədr müavini, tanınmış ekspert Mehdi Babayev bildirib ki, hazırda 1C Azərbaycanda ən çox istifadə olunan mühasibatlıq proqramıdır:

«Müəssisələrdə avtomatlaşdırılmış uçot sisteminin qurulmasına ehtiyacı ən yüksək səviyyədə yalnız mühasibat proqramları ilə təmin etmək olar. Belə proqramlardan biri də 1C proqramıdır. Başqa proqramlar da vardır, lakin hazırda ölkəmizdə 1C proqramı ən çox istifadə olunandır. Bu proqram müxtəlif dil versiyalarında, çeşidli modullarda, Azərbaycan bazarına ilk daxil olanlardan olduğuna və daha çox təlim keçəni, təklif edəni, satıcısı olduğuna görə hələlik öndə gedir. Ümumilikdə ölkəmizdə mühasibatlıq sahəsində bu proqramdan istifadə 50%-dən çox göstəricini əhatə edir».

Bu proqrama sanksiya qoyulmasına gəlincə, Mehdi Babayevin fikrincə 1C proqramı demək olar ki, Rusiya malı standartından çıxıb, üstəlik onun böyük hissəsi lisenziyasız istifadə edilir.

Ona görə də bu proqramın «pirat» varianlarının çoxalmasının qarşısını almaq mümkün olmayacaq: «Heç də sirr deyil ki, praktikada istifadə olunan mühasibat proqramlarının 70-80 faizi lisenziyasızdır. Yəni aidiyyəti proqramçılar tərəfindən 1C öz rəsmi müəlliflərindən kənar, xəbərsiz lisenziyalaşdırılmadan müstəqil istismar halına gətirilərək istifadə olunur, müştərilərə satılır. Məlumatlara görə hətta 1C-in ən son versiyaları lisenziyadan kənar təqdim olunması halları da vardır».

Ekspert qeyd edib ki, istisna hal kimi xarici investorlar tərəfindən yaradılmış və ya xarici şirkətlərlə bilavasitə mülki-təsərrüfat münasibətlərdə olan şirkətlərdə ola bilsin ki, 1C tətbiqi olmasın və ya əgər tətbiq olunursa ləğv edilsin: “Bu isə çox az ehtimal olunur. 1C-nin lisenziyalı alqı-satqısı Rusiyaya olan sanksiyalara görə azala bilər. Amma ölkəmizdəki təsərrüfat subyektlərinin əksəriyyəti daxili bazarın iştirakçıları olan mikro, kiçik və orta sahibkarlardır və onların da lisenziyasız 1C-nin tətbiqindən kənarlaşdırılması ağlabatan görsənmir».

Ekspert sanksiyalar səbəbindən bu proqramdan imtinanı real saymır: «Şirkətin mühasibatlıq kabinetinə daxil olub «siz nəyə görə 1C istifadə edirsiz» və ya «1C-dən imtina etməsəniz sizinlə əlaqələrimizi saxlayacayıq” kimi təsirlər absurd və çox primitiv yanaşmadır».

Mehdi Babayev hesab edir ki, hələlik 1C mühasibat proqramının Rusiyaya tətbiq olunan sanksiyaların kütləvi təsirinə məruz qalması gözlənilmir: «Əməliyyatları az olan mikro və kiçik sahibkarlıq subyektlərində ixtisaslaşdırılmış mühasibat proqramından istifadə etməmək də olar. Əgər əməliyyatların çeşidi azdırsa, fərdi sahibkardırsa və tək və ya az sayda təsisçisi olan təsərrüfat subyektidirsə mühasibat uçotunu EXCEL faylında (proqramında) da aparmaq olar. Lakin ağır istehsalat prosesləri olan, çoxlu funksional strukturları olan orta və iri sahibkarlıq subyektlərində mühasibat proqramını tətbiq etməklə uçotun avtomatlaşdırılması həyata keçirilməlidir ki, müəssisənin fəaliyyətinin fasiləsizliyi və resurslarına və öhdəliklərinə nəzarət mümkün olsun».

Ekspertin sözlərinə görə, əgər 1C mühasibat proqramından istifadəyə hər hansı qadağalar qoyularsa və ondan istifadə etmək mümkün olmazsa, bazarda olan başqa proqramlardan istifadə etmək lazım gələcək: «MİKRO» (Türkiyə), «Loqo» (Türkiyə), «AzMühasib» (Azərbaycan), «Günəş» (Azərbaycan), «Hesabat» (onlayn proqram), «ERP» (müəssisə resurslarının planlaşdırılması) kimi mühasibatlıq proqramlarından istifadə etmək olar».

Mənbə: fed.az