Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci tarixli 320 nömrəli Qərarla 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilmişdir.
İlk olaraq, 189 nömrəli Qərarın 8-ci hissəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir. Belə ki, indiyə qədər xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilirdisə, qərara edilən dəyişikliyə əsasən bu müddət 1 ilədək uzadılır.
Digər dəyişiklik, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması zamanı nəzərə alınan qazanclardır. 189 nömrəli Qərarın 28-ci hissəsinə (dəyişiklikdən sonra) əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır.
“Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir” hissəsi Qərardan çıxarılmışdır.
Həmçinin orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından çıxılan iş günləri siyahısından “məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər” çıxarılmışdır.
Mükafatların necə nəzərə alınması barədə olan 30 və 31-ci hissələr isə ləğv edilmişdir.
Dəyişikliklərdən biri də uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsi ilə bağlıdır. Belə ki, 1 yanvar 2021-ci il tarixindən əvvəl doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedən tərəfindən müraciət edildikdə verilir. 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət isə müraciət edilmədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən uşağın anadan olmasının qeydiyyatına dair əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunur. Birdəfəlik müavinətin təyin olunmasına dair bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə bu Əsasnamənin 73-cü hissəsi nəzərə alınmaqla sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu 3 halda) göndərilir. Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə dövlət sosial müdafiə fondunun hesabına geri qaytarılır və həmin uşağa görə müavinət bu Əsasnamədə nəzərdə tutulmuş qaydada müraciət edildikdə verilir.
Mənbə: nk.gov.az